BANK

22 Aprel

Azərbaycanda video zəng ilə müştəri bank hesabı aça biləcək — Mərkəzi Bankdan AÇIQLAMA

Ölkədə rəqəmsal bankçılıq xidmətlərinin inkişafı və bu istiqamətdə təkmil hüquqi çərçivənin formalaşdırılması Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır. Elektron bankçılıq üzrə hüquqi bazanın təkmilləşdirilməsi, habelə innovativ həllərin tətbiqinin dəstəklənməsi məqsədilə “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” (Qayda) müasir trendlər nəzərə alınmaqla Mərkəzi Bank tərəfindən yeni redaksiyada hazırlanaraq təsdiq edilib.

"Fins.az"xəbər verir ki, qaydanın təkmilləşdirilməsi ilk növbədə məsafədən bank xidmətlərinin əldə olunması imkanlarını genişləndirməklə bank hesabının açılması prosesini rəqəmsal müstəvidə icra etmək imkanını təqdim edir. Qaydaya əsasən məsafədən bank hesabının açılması üçün nəzərdə tutulan məbləğlər üzrə limitlər ləğv edilmiş, gücləndirilmiş elektron imza ilə yanaşı yeni təsdiqetmə üsulu – gücləndirilmiş müştəri autentifikasiyasından istifadə imkanı yaradılmışdır. Artıq rezident fiziki şəxslər gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə məsafədən hesab açmaq imkanına malik olacaqlar. Bu isə bank xidmətlərinin əlçatanlığını artırır, fiziki olaraq filial və şöbə ilə təmin olunmayan ərazilərdə əhalinin bank xidmətlərindən istifadəsinə şərait yaradır.

Bununla belə, elektron bankçılıq xidmətlərinin göstərilməsi ilə bağlı risklərin daha effektiv idarə olunması məqsədilə müştərilərə məsafədən hesabların açılması zamanı belə xidmətləri göstərən banklar tərəfindən riskyönümlü tədbirlərin həyata keçirilməsi imkanları nəzərdə tutulur.

Qaydanın tam mətni Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində (//www.cbar.az/page-217/regulations) və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi Aktların Vahid Elektron Bazasının internet səhifəsində (//e-qanun.az/framework/49456) yerləşdirilmişdir.