BANK

18 Aprel

Azərbaycanda ilk dəfə üz tanıma ilə ödəniş- SmilePay

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi  ölkədə ilk dəfə olaraq biometrik ödənişin həyata keçirilməsi üçün “SmilePay” MMC-yə  rəsmi lisenziya verib.

“Fins.az”xəbər verir ki, “SmilePay” MMC-nin təsisçisi və rəhbəri Seymur Rəsulovdur.

Məlumata görə,qabaqcıl üz tanıma texnologiyasından istifadə edən “SmilePay”ilə  artıq kassada növbə gözləmədən insan öz üzü ilə ödəniş edə biləcək. Bunun üçün sadəcə tətbiqi yükləyib, qeydiyyatdan keçmək lazımdır. Üzü skan etdikdən sonra kartı əlavə edib, ödənişləri həyata keçirmək mümkündür. Bunun üçün 0.2 saniyə müddətində video çəkiliş aparılaraq üz tanıma sisteminə yönləndirilir, ilkin təhlükəsizlik yoxlanışlarını keçdikdən sonra isə üz tanıma prosesi tamamlanır.

Üz tanıma təsdiqləndikdən sonra hesabınızda olan kart məlumatları əsasında ödəniş üçün sorğu göndərilir. Uğurlu ödəniş başa çatdıqda kassa aparatına ödənişlə bağlı müvafiq məlumat verilir.

İstifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyinin təmin edilməsi üçün verilən bütün konfidensial məlumatlar ölkə daxilində ən yüksək standartlara cavab verən serverlərdə saxlanılır.

Qeyd edək ki, ilkin olaraq ödənişlərinizi SmilePay vasitəsilə Bravo marketlərində həyata keçirmək mümkündür. “SmilePay” tətbiqini yükləməklə siz həmçinin ilk 3 ödənişdən sonra bonus qazanmaq şansı əldə edirsiniz. Eyni zamanda dostlarınızı da dəvət edərək əlavə bonuslar qazana bilərsiniz.