BANK

13 Aprel

“PAŞA Bank”ın yeni sədri kimdir?

Xəbər verdiyimiz kimi, “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvi seçilib. Taleh Kazımovu isə “PAŞA Bank” ASC-də Cavid Quliyevin əvəz edəcəyi rəsmən açıqlandı.

Cavid Quliyev “PAŞA Bank”ın İdarə Heyətinin Sədrinin səlahiyyətlərini icra edən şəxs kimi aprel ayının 12-də təyin edilib.

Cavid Quliyev kimdir?

Cavid Quliyev 1994-cü ildə Azərbaycan Dillər Universitetinin xarici dillər fakültəsini bitirib. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirməklə, ikinci ali təhsil alıb.

C. Quliyev öz əmək fəaliyyətini 1996-cı ildə, “British Bank of the Middle East” bankında (HSBC bankının törəmə bankı) Müştəri Xidməti Departamentinin Direktoru vəzifəsində başlayıb, 1999-cu ildə o, öz fəaliyyətini həmin bankın Maliyyə Nəzarəti Departamentinin Direktoru kimi davam etdirib. Elə həmin ildə C. Quliyev HSBC banklar qrupunun İdarəetmə Kollecini (“HSBC Group”-un Təlim İdarəetməsi Kolleci) bitirib.

2003-cü ildə C. Quliyev Unibankın İdarə Heyətinin müşaviri, 2004-cü ildə isə həmin bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 2005-2012-ci illər arasındakı dövrdə o, Bank Standardın İdarə Heyəti sədrinin birinci müavini olub.

2012-ci ildə C. Quliyev “Capital Resources Advisors” şirkətinin Azərbaycan filialının maliyyə məsələləri üzrə icraçı direktoru vəzifəsinə təyin edilib. 2014-cü ildə o, PAŞA Holdinq şirkətində baş müşavir vəzifəsinə təyinat alıb.

C. Quliyev PAŞA Bankda öz əmək fəaliyyətini 2015-ci ildə Bankın İdarə Heyəti Sədrinin biznesin inkişafı üzrə müşaviri vəzifəsində başlayıb. 22 fevral 2016-cı ildə C. Quliyev PAŞA Bankın İdarə Heyəti Sədrinin müavini vəzifəsinə, 1 mart 2018-ci ildə isə Bankın İdarə Heyəti Sədrinin müavini, Baş Kommersiya İnzibatçısı vəzifəsinə təyin edilmişdir.

Cavid Quliyev “PAŞA Bank”ın İdarə Heyətinin Sədrinin səlahiyyətlərini icra edən şəxs kimi aprel ayının 12-də təyin edilmişdir.