“Qırmızı Ürəklər” (Red Hearts) Fondunun, Qan Donorları Assosiasiyasının, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Fairmont Hotelinin və Mərkəzi Qan Bankının birgə tərəfdaşlığı ilə 6 aprel 2022-ci il tarixində Fairmont hotelində Gənc Qan Donorlarının III Ümumrespublika Forumunun rəsmi açılış mərasimi keçirilib.
Forumun məqsədi Respublikada qan donorluğunun inkişafına dəstək, gələcək nəslin qorunması və eyni zamanda irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların sağlamlığının bərpası üçün qan donorluğu istiqamətində cəmiyyətin maarifləndirilməsidir.
Forumda Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, “Qırmızı Ürəklər” Fondunun vitse-prezidenti Yusif Poladov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Mərkəzi Qan Bankının müdir müavini Xəyalə Qafarova, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov, millət vəkili İlham Məmmədov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək, Forumun əhəmiyyətindən, ölkə ictimaiyyətinin diqqətini bir daha adı çəkilən sahəyə yönəltməklə qan vermənin faydalarını daha geniş auditoriyaya çatdırılmasının vacibliyindən danışdılar.
Forum çərçivəsində paytaxtdan və regionlardan seçilmiş 30 nəfər gənc “Könüllü donor şəbəkəsinin” qurulması mövzusunda təşkil olunan 3 günlük təlimlərdə iştirak ediblər. Gənclər arasında yaradılan kommunikasiya və aldıqları təlimlər imkan yaradacaq ki, ölkədə qan donorluğu istiqamətində mobil könüllü qruplar olaraq fəaliyyət göstərsinlər.
Qeyd edək ki, “Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.