BANK

07 Aprel

Bank Respublika və SOS Uşaq Kəndləri əməkdaşlıq haqqında memorandum bağlayıb

Ölkəmizdə korporativ sosial məsuliyyət yönümlü bir çox layihələrin təşəbbüskarı və dəstəkçisi olan Bank Respublika və “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasının Milli Direktoru Zakir Soltanov imzalayıb.

Anlaşma çərçivəsində Bank Respublika, SOS Uşaq Kəndləri və ABŞ-nin Çikaqo Universieti daha öncə internat müəssislərinə qoyulan uşaqların yenidən internat müəssisələrinə qayıtmalarını qarşısını almaq məqsədilə birgə layihə həyata keçirəcək. Layihə çərçivəsində, müəyyən meyarlar əsasında aztəminatlı ailələrdən seçilmiş 7-12 yaş arası 200 uşağın adına “Bank Respublika”da start kapitalı yatırılaraq xüsusi “Sosial Yığım” əmanət hesabları açılacaq. Daha sonra valideynlər tərəfindən həmin hesaba hər ay əlavə ediləcək məbləğ, təşkilatçılar tərəfindən 2 dəfə artırılacaq. Bununla da uşaqların hesablarında sosial kapitalın yığılması təmin olunacaq.

Layihəyə əsasən, hesab açım mərhələsində valideynlərlə birlikdə, adlarına hesab açılacaq uşaqlar da iştirak edəcək. Beləliklə, uşaqlar adlarına açılmış hesabın, onların gələcəyinə hədəfləndiyini biləcəklər. Bundan başqa, bankın əməkdaşları valideynlərlə görüşlər keçirərək sosial yığım haqda maarfiləndirici təlimlər təşkil edəcək. Qeyd edək ki, layihə 3 il ərzində Bakı, Sumqayıt və Gəncə şəhərlərində həyata keçiriləcək.

"Ölkəmizin dayanıqlı iqtisadi inkişaf yolunda önəmli töhfə olacaq bu əməkdaşlıq önümüzdəki illərdə bəhrələrini göstərəcək. Aztəminatlı və dağılma riskində olan ailələrin Uşaq Əmanət yığımlarına cəlb edilməsi ölkə tarixində bir ilkdir. Bu innovativ maliyyə aləti vasitəsilə SOS Uşaq Kəndləri Azərbaycan və Bank Respublika ASC BMT Dayanıqlı İnkişaf hədəflərindən 8.Layiqli iş və iqtisadi artım, eləcə də 17.Hədəflər üçün əməkdaşlıq hədəflərinə töhfə verəcək." - deyə “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasının Milli Direktoru Zakir Soltanov vurğulayıb.

“Bank Respublika ölkəmizdə uşaq və gənclərin təhsili, bacarıqlarının artırılması və sosial rifahın yaxşılaşdırılmasına yönəlmiş bir çox layihəni uğurla həyata keçirib. Biz çox şadıq ki, “SOS Uşaq Kəndləri-Azərbaycan” ilə olan birgə layihəmiz çərçivəsində aztəminatlı ailələrdə yaşayan 200-ə yaxın uşağın internat müəssisələrinə verilməsinin qarşısının alınmasında öz töhfəmizi verə biləcəyik" - deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.