BANK

18 Mart

Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində müəyyən edilmişdir.
 "Fins.az"xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.


Məlumata görə ötən toplantıdan bəri ölkədə illik inflyasiya tempi azalsa da geosiyasi və geoiqtisadi mühitdə fundamental dəyişikliklər inflyasiyanın xarici fonu ilə bağlı qeyri-müəyyənlikləri əhəmiyyətli dərəcədə artırmışdır. Pandemiyanın dünya iqtisadiyyatına, ticarətinə, məşğulluğa və maliyyə bazarlarına təsirlərinin qismən stabilləşməyə doğru getdiyi bir dövrdə qeyri-müəyyən dinamikaya malik yeni situasiya qlobal inflyasiya risklərini yüksəltmişdir.

Qeyd olunur ki,qlobal iqtisadi artım və ticarət perspektivlərinin əhəmiyyətli pisləşməsi, qlobal təklifin daha da daralması potensialının yüksəlməsi, beynəlxalq logistika-təchizat və hesablaşma zəncirində problemlərin daha da artması yüksək olan inflyasiya təzyiqlərinə artırıcı impulslar verməkdədir.

Fevral ayının sonundan başlayaraq qlobal birja əmtəələrinin, xüsusilə də enerji daşıyıcılarının və taxıl məhsullarının qiymətləri tarixi rekordları yeniləyərək ortamüddətli qlobal inflyasiya proqnozlarına və onun milli iqtisadiyyata ötürücülüyü perspektivlərinə əhəmiyyətli təsir etmişdir. Bu şəraitdə ölkə iqtisadiyyatında qiymətlər səviyyəsinin yüksələn idxal qiymətlərindən təsirlənmə potensialı əhəmiyyətli artıb.