Səudiyyə Ərəbistanının Çinə satdığı neftin bir hissəsini yuanla qiymətləndirmək üçün Pekinlə fəal danışıqlar apardığı bildirilir.
"Fins.az"-ın məlumatına görə, Wall Street Journal məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Çinə neft satışlarının bir hissəsini yuanla qiymətləndirmək üçün Pekinlə fəal danışıqlar aparır.
Sözügedən razılaşma əldə olunacağı təqdirdə qlobal neft bazarında ABŞ dollarının hökmranlığının azalacağı və dünyanın ən böyük xam neft ixracatçısının Asiyaya üz tutacağı gözlənilir.
Səudiyyə Ərəbistanının Çinlə yuan ekvivalentli neft müqavilələri ilə bağlı altı ildir davam edən danışıqları bu il sürətlənib.Bəzi siyasi proseslərin bu prosesi sürətləndirdiyi təxmin edilir.
Bunun səbəbləri arasında ABŞ-ın Yəmən vətəndaş müharibəsinə müdaxiləsinə dəstək verilməməsi və Bayden administrasiyasının nüvə proqramı ilə bağlı İranla razılığa gəlməyə çalışması göstərilir. Digər tərəfdən Səudiyyə rəsmiləri də keçən il ABŞ-ın Əfqanıstandan qəfil çəkilməsindən şoka düşdüklərini dilə gətiriblər.
Çinin Səudiyyə Ərəbistanının neft ixracının 25 faizindən çoxunu aldığını nəzərə alsaq, bu satışlar yuanla qiymət qoyulacağı təqdirdə Çin iqtisadiyyatına müsbət təsir göstərəcək.