Hazırda rəqəmsal valyutanın tətbiqi imkanlarının və ilkin şərtlərinin öyrənilməsi istiqamətində Türkiyə, Rusiya və Qazaxıstan mərkəzi bankları ilə əməkdaşlıq çərçivəsi qurulub.
Bu barədə Azərbaycan Mərkəzi Bankından Fins.az-a məlumat verilib.
Məlumatda bildirlir ki, makroiqtisadi və maliyyə sabitliyi üzrə vacib tənzimləyici institut kimi Azərbaycan Mərkəzi Bankı da dünyada rəqəmsal valyutanın tətbiqi üzrə layihələrin icrasını, həyata keçirilən tədqiqatları, bu mövzuya həsr olunmuş müzakirələri diqqətlə izləyir.
Qeyd olunur ki, hazırda rəqəmsal valyutanın tətbiqi imkanlarının və ilkin şərtlərinin öyrənilməsi istiqamətində Türkiyə, Rusiya və Qazaxıstan mərkəzi bankları ilə əməkdaşlıq çərçivəsi qurulmuşdur. Əməkdaşlıq çərçivəsində rəqəmsal valyutanın emissiyası üzrə zəruri olan ilkin şərtlərin yaradılması üzərində işlər aparılır. Bu şərtlərə aşağıdakılar daxildir:
i) rəqəmsal valyutanın tətbiqi üzrə konseptual yanaşma və hədəfin dəqiqləşdirilməsi;
ii) maraqlı tərəflərin prosesə cəlb olunması;
iii) qanunvericilik bazasının formalaşdırılması;
iv) yeni nəsil texnologiyadan istifadə potensialı;
v) bazarın hazırlıq səviyyəsi.
Qeyd olunan şərtlərin yaradılması üzrə qabaqcıl trendlərin araşdırılması və bu sahədə mövcud təcrübələrin dərindən öyrənilməsi, habelə işlərin effektiv koordinasiyası məqsədi ilə Mərkəzi Bankda işçi qrupu yaradılıb.
Müəllif: Aynur Qəniyeva