2021-ci ilin ilk 8 ayında istehlak kreditlərinin həcmində artımlar davam edib. Mərkəzi Bankın məlumatına görə, ötən ili 3 milyard 661 milyon manatlıq istehlak kreditləri ilə başa vuran banklar bu ilin ilk 8 ayında istehlak kreditlərinin həcmini 4 milyard 132 milyon manatadək yüksəldiblər.
Bu sahədə mövcud durumu şərh edən millət vəkili Vüqar Bayramov yalnız bu ilin 8 ayı ərzində istehlak kreditlərinin həcminin 471 milyon manat artdığını deyib. Həmin dövrdə ümumi kredit portfeli və biznes kreditlərinin həcmində də artımların qeydə alındığını bildirib: “Ötən ilin sonu ilə müqayisədə bu ilin 8 ayı ərzində ümumi kredit portfeli 6,9 faiz, biznes kreditlərinin həcmi 3,8 faiz artasa da istehlak kreditlərinin həcmi 12% artıb. Göründüyü kimi, istehlak kreditlərinin həcmində artımlar ümumi kredit portfeli və biznes kreditləri ilə müqayisədə daha çoxdur və iki rəqəmli artım faizi ilə ifadə olunur. Digər tərəfdən, istehlak kreditləri üzrə orta faiz biznes kreditləri ilə müqayisədə təxminən 2 dəfə yüksəkdir və bu da kredit götürənlərin daha çox borclanmasına səbəb olur”.
V.Bayramovun fikrincə, bankların istehlak kreditləşməsinə daha çox meyillənməsi həm problemli kreditlərinin həcminin artması, həm də real sektorun maliyyə tələblərinin tam ödənilməməsi baxımdan arzuolunan deyil. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, real sektorunun inkişafında biznes kreditlərinin xüsusi payı olur. Digər tərəfdən, istehlak kreditləşməsinə meyl bank sektorunda yeni çağrışlar yaradır və bu da sektorun dayanıqlığı baxımdan arzuolunan deyil.
Millət vəkili Mərkəzi Bank tərəfindən biznes kreditləşməsinin təşviq edilməsi və istehlak kreditlərinin həcminin optimallaşdırılması ilə bağlı daha sistemli fəaliyyətlərin həyata keçirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb. Stimullaşdırıcı metodlar ilə bankların biznes kreditləşməsinə marağının daha artırılmasına ehtiyac olduğunu qeyd edib.