Azərbaycandakı banklar mütəmadi olaraq pentest xidməti almalı, işçilərinə kiber təhlükəsizliklə bağlı təlimat verməlidir
Bunu Fins.az-a açıqlamasında "Vanderlog" şirkətinin rəhbəri Nurlan Abışov deyib.
O bildirib ki,Azərbaycandakı bankların bu cür hücumlardan qorunmaq üçün ilk növbədə yaxşı təlim keçmiş SOC (Security Operations Center) dediyimiz Təhlükəsizlik Əməliyyat Mərkəzi, NOC (Network Operations Center) Şəbəkə Əməliyyatlar Mərkəzi, NAC (Network Access Control) Şəbəkəyə Giriş Nəzarəti, CDC (Cyber Defense Center) Kiber Müdafiə Mərkəzi komandalarına ehtiyacı var. Bu Mərkəzlər düzgün şəkildə təşkil edilməli və bir-birləri ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməlidir.
Nurlan Abışov eyni zamanda banklarda kibertəhlükəsizliklə bağlı kadr çatışmazlığına da toxunaraq "Çox vaxt kiber hücumlar qarşısında nə edəcəyini bilən banklarda kadr çatışmazlığı olur. Bu işçilərin kiber təhlükəsizlik mövzusunda yaxşı təhsil alması çox vacibdir. Bundan əlavə, bəzi banklarda kibertəhlükəsizliyə ciddi əhəmiyyət verilmir və kifayət qədər sərmayə qoyulmur. Bu səbəbdən kiber təhlükəsizlik qruplarının hücumlara və təhlükəsizlik zəifliklərinə müdaxilə edəcək proqram təminatı və təchiz olunmuş insan gücü yoxdur. Azərbaycandakı banklar mütəmadi olaraq pentest xidməti almalı, işçilərinə kiber təhlükəsizliklə bağlı təlimat verməlidir"-deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva