BANK

30 İyul

Naina Mehdiyeva: GoldenPay-in 2020-ci il gəlirlərində 32% artım var

Azərbaycanın ödəniş sistemləri bazarında mühüm paya malik olan "GoldenPay" hazırda ölkəmizdə ən müasir ödəniş imkanlarını təqdim edir. "GoldenPay" ASC-nin İdarə Heyətinin sədri Naina Mehdiyevanın "Fins.az"-a müsahibəsini tədim edirik. 

“GoldenPay” yarandığı gündən bu günə qədər bütün bu illər ərzində nələr dəyişdi?

GoldenPay şirkətinin yarandığı gündən məqsədi ölkəmizdə nağdsız ödənişlərin tətbiqinə başlamaq idi. Artıq 14 ildən çoxdur ki, GoldenPay olaraq, kiçik, orta və böyük müəssisələrə xidmət verməklə, onları onlayn ödəniş imkanları ilə təmin edirik.

Bu gün GoldenPay bir çox bank və portallara, müxtəlif istiqamətli bizneslərə ödənişlərini nağdsız şəkildə qəbul etmək üçün onlayn ödəmə sistemi üzərindən texnoloji həllər təklif edir. GoldenPay ödəniş sistemi olaraq Azərbaycanda fəaliyyət göstərən Pasha Mobile Bank, BirBank, Rabitabank Mobile, Unibank tərəfindən təqdim edilən Ubank, “ASAN Ödəniş” sistemi, ExpressPay, CİB.az və bir çox digər tətbiqlərdə ödənişləri onlayn qəbul etmək üçün qoşulma imkanlarını təqdim edir.

Son illərdə şirkətimizin uğurlu fəaliyyəti insanların maliyyə vəsaitlərindən istifadə vərdişlərinin dəyişməsinə öz töhfəsini verib. GoldenPay bu əməliyyatların aparılması üçün daha sürətli və etibarlı metodlardan istifadə etməklə Azərbaycanda onlayn ödənişlər bazarının təməlini qoyub. Artıq onlayn ödənişlər, e-ticarət saytları ölkəmizdə insanlar tərəfindən daha geniş və fəal bir şəkildə istifadə edilir.

Bununla yanaşı, 2011-ci ilin Aprel ayında fəaliyyətə başlayan ən böyük məhsulumuz – Hesab.az isə, ölkəmizdə 150-dən çox xidmət üzrə ödənişləri onlayn şəkildə nağdsız həyata keçirmə imkanı təqdim edir.

Pandemiya dövründə onlayn ödəmələr, onlayn xidmətlərdən istifadə aktuallaşdı. “GoldenPay”-in istifadəçi və maliyyə göstəricilərinə pandemiya necə təsir göstərdi?

COVİD-19 pandemiyası ilə bağlı aparılan təhlükəsizlik tədbirləri insanların həyat şərtlərini dəyişməklə ölkəmizdə nağdsız ödənişlərin həcminin artmasına səbəb oldu. Belə ki, GoldenPay şirkətinin 2020-ci il maliyyə göstəricilərinə nəzər yetirdikdə ciddi artım müşahidə edirik. 

2020-ci ilin ümumi dövriyyəsi əvvəlki ilin analoji dövrü ilə müqayisədə 30% çoxdur. GoldenPay şirkətinin 2020-ci ildə gəlirlərində 2019-cu il ilə müqayisədə 32% artım var. 2020-ci ilin xalis mənfəəti isə, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 121% artmışdır.

Bu dövr ərzində insanların maliyyə vəsaitlərindən istifadəsində də ciddi dəyişikliklər görmək mümkündür. Ölkəmizdə onlayn ödənişlər aktuallaşmış, həmçinin Hesab.az-ın istifadəçi sayında ciddi artım müşahidə edilmişdir. Belə ki, Hesab.az-ın 2019-cu ildə qeydiyyatlı istifadəçi sayı 2019-cu ildə 497 mindən çox olmuş, 2020-ci ildə 614 minə çatmış, 2021-ci ildə isə 650 mindən çox olmuşdur.

Hesab.az –a yeni xidmətlərin əlavə edilməsini planlaşdırırsınız? Yaxın aylarda, yaxud illərdə istifadəçilər üçün hansı yeniliklər gözlənilir?

Əlbəttə, daim inkişaf edən ölkəmizdə nağdsız ödəmələr sahəsində yeniliklər və trendləri izləyərək, Hesab.az-ın təklif etdiyi xidmət çevrəsini daim genişləndiririk.

Hətta, özümüzü yeniləməyi də unutmuruq. Yaxın zamanlarda istifadəçilərimizə Hesab.az mobil tətbiqinin yenilənmiş versiyasını təqdim etməyi planlaşdırırıq.

Növbəti böyük məhsullarımızdan biri isə tezliklə istifadəyə veriləcək Hesab Shop onlayn alış-veriş platformasıdır. Hesab Shop-da gündəlik təlabat məhsullarından başlayaraq, unikal əşya və hədiyyə seçimlərinədək bütün ehtiyaclara uyğun çeşidlilik təklif edəcəyik.

Azərbaycanda “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi hazırlanır. Bu layihə ilə bağlı gözləntiləriniz nədir?

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən hazırlanmış “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi ölkədə ödəniş sistemləri sahəsində tənzimləmə mexanizminin qurulması və rəqabət mühitinin formalaşdırılmasını nəzərdə tutur.

Biz də GoldenPay şirkəti olaraq innovativ ödəniş həllərinin genişləndirilməsi çərçivəsində həyata keçirilən tədbirləri yaxından izləyir və qanunun hazırlanmasında iştirak edirik. Banklar və ödəniş sistemləri arasında münasibətlərin qanun ilə tənzimlənməsi çox mühim olduğundan ödəniş xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi və effektiv tənzimləmə sisteminin formalaşdırılmasını dəstəkləyirik. Əlavə olaraq, istehlakçı hüquqlarının qorunması üçün nəzərdə tutulan müdafiə mexanizmlərinin isə öz növbəsində istifadəçi loyallığını qazanmağa və ölkədə nağdsız ödənişlər sahəsində ciddi irəliləyişlərə səbəb olacağını düşünürük.

Hesab Shop elektron ticarət platformasının yaradılması hansı mərhələdədir?

Pandemiya müddətində ölkəmizin alış-veriş sahəsi, xüsusilə də kiçik və orta sahibkarlar zərər gördü. Hal-hazırda bu sahənin inkişaf etdirilməsi üçün münbit şərait var. Biz də Azərbaycanda ilk və ən böyük onlayn ödəniş platforması – Hesab.az olaraq, ölkəmizdə onlayn alış-veriş sahəsinin inkişaf etdirilməsində payımızın olmasını istəyirik.

Belə ki, sahibkarlara yaxın zamanlarda istifadəyə veriləcək yeni Hesab Shop platforması vasitəsilə daha geniş auditoriyaya çıxış imkanı və eyni zamanda da strukturlaşmış bazar mühiti təqdim etmək niyyətindəyik. Hazırda platformanın texniki işləri tamamlanmaq mərhələsindədir. Bununla yanaşı, platformaya qoşulacaq mağazalar və təqdim olunacaq məhsul çeşidliliyinin genişləndirilməsi üzərində işlər davam etdirilir.

Hesab.az-da Qazananlar Klubu çərçivəsində Hesab Koinlər var. Hesab Koinlərlə hansı xidmətlərə ödəniş edilməsi mümkündür?

Hesab Koinlər istifadəçilərimiz üçün yaradılan loyallıq proqramı – Qazananlar Klubunda təklif olunan mükafat sistemidir. İstifadəçilərimiz ödəniş qarşılığında topladıqları Hesab Koinləri “Dərhal Dəyiş” bölməsində təklif edilən hədiyyələrə dəyişmək və ya Hesab.az-da ödənişlər zamanı (bank, lizinq, icbari sığorta və dövlət ödənişləri istisna olmaqla) istifadə edə bilərlər.

 

Müəllif Aynur Qəniyeva