BANK

16 İyun

Kredit risklərinin azalması problemli kreditlərin azalmasına şərait yaradır

Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) hazırladığı "Ağ sənəd"də Azərbaycan Mərkəzi Bankına əmanətlərin sığortalanması ilə bağlı uzunmüddətli strategiyanın müddətinin uzadılması və ya yenisinin hazırlanması tövsiyə edilib. İqtisadçı Elman Sadıqov bu təklifi şərh edərkən diqqəti müştərilərin uzunmüddətli güvən və etimadının vacibliyinə yönəldib.

“Birincisi, istər makro iqtisadiyyatda, istərsə də istənilən ayrı-ayrı biznes sahələrində, subyektlərində inam indeksi önəmli rol oynayır. Bu indeksin müntəzəm ölçülməsi, bununla da müştərilərin bank sektoruna inamlarının artma-azalma göstəricilərinin müəyyən edilərək səbəblərinin təhlili önəmlidir.

İkinci əsas amil biznesin davamlılığına yaranan riskdir. Qısamüddətli dəyişkən strategiyalar uzunmüddətli planları pozur. Yəni uzunmüddətli və davamlı strategiya müştərilərə daha uzunmüddətli planlar qurmağa, başqa sözlə, depozitlərini daha uzunmüddətli yerləşdirməyə imkan verir. Uzunmüddətli depozitlər isə uzunmüddətli kreditlər deməkdir. Uzunmüddətli kreditlərin ən etibarlıları isə məbləğləri böyük olmayan depozitlərdir ki, bu da banklar üçün likvidlik risklərinin diversifikasiyasına şərait yaradır.

Üçüncü əsas amil uzunmüddətli və nisbətən kiçik və orta məbləğli depozitlərin olmasıdır. Bu, kreditlərin də uzunmüddətli, faizlərin daha aşağı olması deməkdir. Uzunmüddətli, nisbətən aşağı faizli kreditlər isə daha az aylıq ödənişli kreditlərdir. Başqa sözlə, kredit risklərinin azalması problemli kreditlərin azalmasına, nəticə etibarilə kredit risklərinin azalmasına və yenidən daha aşağı faizli kreditlərin verilməsinə şərait yaradır. Burada müsbət zəncirvari reaksiya yaranır. Faizlərin azalmasında daha bir amil isə bankların alternativ maliyyələşmə mənbələrinin yaradılmasıdır ki, bu da başqa mövzudur. Digər amil iqtisadiyyatın özü üçün prioritet hesab etdiyi sahələrə verilən kreditlərdə zəmanət fondunun iştirakıdır. Qısaca desək, kredit faizlərinin aşağı olmasını şərtləndirən məsələlərin həlli nəticəsində daha az riskli, daha aşağı maliyyətli, daha uzunmüddətli, daha az problemli kreditlər yaradacaq müsbət nəticəli zəncirvari reaksiya və ya dövriyyə meydana gəlir.

Dördüncü əsas amil isə depozitlərlə bağlı istər ayrı-ayrı bankların, istərsə də sektorun həm inam indeksinin müntəzəm ölçülməsi, həm də sığorta haqlarına yanaşma tərzidir. Burada əsas hədəf təkcə banklardakı depozitlərin həcminin azalmasının qarşısını almaq deyil (bu məbləğ əhalinin gəlirləri, ÜDM və digər göstəricilərə görə aşağıdır), həm də əhalinin “yastıq altında” istifadəsiz qalan vəsaitlərinin banklar vasitəsilə iqtisadiyyata davamlı artan dinamika ilə cəlbidir. Qiymətli kağızlar bazarı inkişaf etmədiyi üçün vəsaitlərin iqtisadiyyata cəlbinin hələlik ən real və uyğun yolu budur.

Postpandemiya dövründə iqtisadi sahədə çevik, operativ addımlar atmaq, iqtisadi mühitdə, göstəricilərdə dəyişiklər olduqda bu dəyişikliklərin əhaliyə psixoloji cəhətdən mənfi təsirinin yumşaldılmasına nail olmaq, risklərin əvvəlcədən müəyyən edilib yumşaltma tədbirlərini öncədən müəyyən etmək lazım gələcək. Postpandemiya dövrü daha sürətli pul dövriyyəsi, daha dinamik iqtisadi əlaqələr, daha sıx dövlət-bank sektoru-real sektor münasibətləri tələb edir. Konkret desək, fiziki şəxs sahibkarların cari hesablarındakı müddətsiz və depozit hesablarındakı müddətli depozitlərinin daha böyük həcminin sığortalanması, sığorta haqlarının təkcə bankların risk dərəcələri deyil, həm də depozitlərin müddətlərinə görə müəyyən olunması və s. önəmli faktorlardır.

Ölkələrin iqtisadi inkişaf tarixləri və yolları göstərir ki, böyük və mürəkkəb mexanizmdə kiçik bir amil əksər hallarda əsas hərəkətverici qüvvəyə çevrilir”.