Paypal və bu kimi iri maliyyə institutlarının ölkədə tam əsasda xidmətlərinin təqdim edilməsi üçün zəruri qanunvericilik bazası formalaşdırılmalıdır
Bunu Fins.az-ın Ölkəmizin rəqəmsal ödəniş ekosistemində Paypal kimi iri maliyyə institutunun təmsil olunmaması səbəbini necə əsaslandıra bilərsiniz? sualını cavablandıran Azərbaycan Banklar Assosiasiyasının (ABA) "Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə" ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov deyib.
O bildirib ki, Qabaqcıl rəqəmsal ödəniş ekosisteminə malik ölkələrə nəzər salsaq mühüm xüsusiyyətlərdən biri də platformalaşmanın dərinləşdiyi yerli və xarici maliyyə institutlarının təmsil olunmasıdır. Məhz müxtəlif maliyyə institutlarının mövcudluğu və onlar arasında sıx qarşılıqlı əlaqə “Hörümçək toru” prinsipi əsasında bu ekosistemin təhlükəsiz və effektiv fəaliyyətini təmin edərək gələcək inkişaf istiqamətlərini müəyyən edir.
Amerika Birləşmiş Ştatlarında yaranan Paypal təşkilatı hazırda dünyanın 202 ölkəsində 25 valyutada öz xidmətlərini təqdim edir. 2008-ci ildə isə Paypal Avropa Luksemburqda bank lisenziyası əldə edib. Müxtəlif region və ya ölkələrdə lisenziya alınması bu maliyyə institutunun fəaliyyət istiqamətlərindən biridir. Nümunə olaraq Paypal Rusiya Federasiyasında bank olmayan kredit təşkilatı lisenziyası əsasında fəaliyyət göstərir.
Eyni zamanda, ölkə qanunvericiliyində nəzərdə tutulduğu təqdirdə təşkilat lisenziya olmadan da tam əsasda öz xidmətlərini (vəsaitlərin köçürülməsi və qəbul edilməsi) təqdim edir. Nümunə olaraq, Gürgüstan Respublikasında bir sıra banklarla agent-bank münasibəti çərçivəsində əməkdaşlıq edir. Belə ki, Gürgüstan Respublikasının “Ödəniş sistemləri və ödəniş xidmətləri” haqqında Qanuna əsasən beynəlxalq səviyyədə tanınmış və ölkədə hüquqi şəxs olaraq qeydiyyatdan keçməyən ödəniş xidməti təchizatçıları tərəfindən ölkə ərazisində ödəniş xidmətləri göstərilə bilər. Qanunvericilikdə tələbin bu formada qoyulması “Paypal” təşkilatı tərəfindən ölkə ərazisində ödəniş xidmətlərinin göstərilməsini təmin edir.
Təşkilatın digər fəaliyyət istiqaməti isə ölkə vətəndaşlarına formalaşdırdığı platforma üzərindən ancaq pul vəsaitlərinin köçürülməsi imkanının yaradılmasıdır. Bu yanaşma ölkəmizdə də tətbiq edilir. Bu yanaşma platformanın mövcud imkanlarından məhdud formada istifadə edilməsi, istifadəçilərin pul vəsaitlərini əldə etməsi imkanının olmaması deməkdir.
Beynəlxalq təcrübə göstərir ki, Paypal və bu kimi iri maliyyə institutlarının ölkədə tam əsasda xidmətlərinin təqdim edilməsi üçün zəruri qanunvericilik bazası formalaşdırılmalıdır. Əks halda, maliyyə, reputasiya və digər amillər baxımından ölkədə fəaliyyət riskli hesab edilir.
Hazırda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən rəqəmsal ödəniş ekosisteminin növbəti illərdə əsas inkişaf istiqamətlərini təyin edəcək “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsinin tamamlanması üzrə işlər aparılır. Bu qanun layihəsinin qəbul olunması ölkəmizdə elektron pul təşkilatlarını yaradılması ilə yanaşı, beynəlxalq maliyyə institutlarının rəqəmsal ödəniş ekosistemində təmsil olunması üzrə hüquqi çərçivəni formalaşdıracaq.
Hesab edirəm ki, məhz bu layihənin uğurlu realizasiyası rəqəmsal ödəniş ekosistemində rəqabət mühitinin qorunub saxlanılması ilə Paypal təşkilatının xidmətlərindən tam əsasda istifadə edilməsinə imkan verəcək.
Müəllif:Aynur Qəniyeva