BANK

03 İyun

Dünya Bankı-dan "Livan batır" başlıqlı hesabat

Dünya Bankı, 2019-cu ilin Oktyabr ayında başlamış və 4 Avqust 2020-də Beyrut Limanında baş vermiş partlayışla daha da dərinləşən iqtisadi böhrana bağlı "Livan batır" başlığı ilə bir hesabat yayıb.

Marja xəbər verir ki, hesabatda, 1,5 ildən daha uzun bir müddətdir Livanın, iqtisadi böhran, yeni növ koronavirus (Kovid-19) və Beyrut Limanındakı partlayış kimi böyük çətinliklərlə qarşı-qarşıya qaldığı qeyd edilib. Hesabatda, "Livandakı mövcud iqtisadi vəziyyət, 19-cu əsrin ortalarından bu yana dünyada yaşanan ən ağır böhranlar arasında ehtimalla ilk 10-da, hətta ilk 3-də yer ala bilər" deyilir.

Livan hökumətinin bu çətinliklərə qarşı reaksiyasının qeyri-kafi olduğu qeyd edilən hesabatda, bunun siyasi razılaşma olmaması və iqtisadi sistemin qorunmasından qaynaqlandığı vurğulanıb.

Tarixi uzun vətəndaş müharibəsi və qarşıdurmalar ilə dolu olan Livan, şiddət, qarşıdurma və kövrəkliklərə şahid olan ölkələr arasında yer alır. Hesabatda, ölkədə ictimai narahatlığın arta biləcəyi xəbərdarlığı edilib.

Hesabatda qeyd edilib ki, ölkədə ümumi daxili məhsul (ÜDM) 2019-cu ildə 6,7%, 2020-ci ildə 20,3% azalıb, ÜDM 2018-də 55 milyard dollar ikən, 2020-də 33 milyard dollara geriləyib, adam başına düşən ÜDM 40% azalıb.

Valyuta məzənnəsindəki çöküşün inflyasiyanın yüksəlməsinə səbəb olduğu qeyd edilən hesabatda, ölkədə ÜDM-in 2021-ci ildə 9,5% azalmasının gözlənildiyi vurğulanıb.

Ehtimalla əhalinin yarısından çoxunun yoxsulluq sərhədinin altında yaşadığına diqqət çəkilən hesabatda, maaşları Livan lirəsində ödənən işçilərin əksəriyyətinin, satınalma gücündəki azalmadan əziyyət çəkdiyi qeyd edilib.