BANK

21 May

Avropa İttifaqı banklara rekord məbləğdə cərimə kəsdi

Dünən Avropa Antiinhisar qurumu 3 bankı - İtaliyadan UniCredit, İsveçrədən UBS və Yaponiyadan Nomuranı rekord məbləğdə - 371 milyon avro (453 milyon dollar) cərimələyib.

Fins.az xəbər verir ki, Avropa Komissiyası adıçəkilən bankları əlavə 4 investisiya bankı ilə birlikdə 2007-2011-ci illərdə maliyyə karteli yaratmaqda, razılaşdırılmış qiymətlərlə istiqraz və qiymətli kağızların ticarəti ilə məşğul olmaqda və Avropa İttifaqının ədalətli rəqabət qaydalarını pozmaqda günahlandırır.

“Maliyyə böhranının ortasında, əksər bankların dövlətlərdən irihəcmli yardımlar alaraq, güclə ayaq üstə dayanmağa çalışdığı bir vaxtda investisiya banklarının Avropa İttifaqına Üzv Dövlətlərin hesabına varlanması qəbulolunmazdır.” - Avropa İttifaqının Rəqabət Komissarı Marqret Vestaqer bildirib. Avropa Komissiyasının rəsmi açıqlamasında qeyd olunur ki, yeddi investisiya bankı qanunsuz kartel yaradaraq, Avropa dövlətlərinin borc bazarında treydinqlə məşul olmuş, çat otaqları təşkil edərək, kommersiya baxımından həssas və bəzən məxfi məlumatlar paylaşmış, borc auksionlarında qiymətlə bağlı gizli razılaşmaya gəlmişdir.

“Bizim Bank of America, Natixis, Nomura, RBS, UBS, UniCredit və WestLB-ə qarşı qərarımız hamıya aydın mesajdır ki, Avropa Komissiyası heç bir qanunsuz sövdələşməyə qarşı tolerantlıq göstərməyəcək.” - Rəqabət Komissarı əlavə edib. Banklardan 4-nə xəbərdarlıq edilsə də, UniCredit, Nomura və UBS cərimə ödəməlidir. Nomura bankının sözçüsü bu əməllərlə məşğul olanların artıq çoxdan bankda çalışmadığını və qərardan apellyasiya şikayəti vermək niyyətində olduqlarını bildirib. UBS və UniCredit də apellyasiya haqqında düşünür.