BANK

05 May

Onlayn bankçılığın hazırda vəziyyəti necədir?- trendlər, perspektivlər

Elm və texnologiyaların, xüsusilə informasiya texnologiyalarının inkişafı bankçılıq sahəsinə yeni xidmətlər və xidmət vasitələri gətirib. Hazırda dünyada insanlar uzaq məsafədən müxtəlif bank xidmətlərini rahatlıqla əldə edə bilirlər. Onlayn bankçılıq haqqında əyani təsəvvür əldə etmək üçün bank mütəxəssisi Bəxtiyar Məmmədov bu inkişafın tarixinə və cari vəziyyətinə nəzər salır.

Onlayn bankçılıq nədir?

Onlayn bankçılıq hər hansı bankın öz müştərilərinə bank xidmətlərinin məsafədən texnoloji üsullarla, o cümlədən internet saytı, mobil əlavə və digər üsullarla təqdim etməsidir. Onlayn bankçılıq sistemləri vasitəsilə göstərilən əsas xidmətlər aşağıdakılardır:

• müştərinin hesabları, ödəniş kartları, kreditləri, depozitləri və digər əldə etdiyi xidmətlər barədə məlumatların təqdim edilməsi;

• müxətlif vəsait transferləri, ödəmələr və sair əməliyyatların aparılması;

• bankın xidmətləri, valyuta məzənnələri, filialları, ATM-ləri, endirimlər, tariflər və sair bu tipli məlumatların təqdim edilməsi;

• banka müxtəlif növ müraciətlərin onlayn rejimdə qəbul edilməsi;

• bankın əməkdaşlıq etdiyi müxtəlif təşkilatlarla birgə təqdim edilən maliyyə və qeyri-maliyyə xidmətləri.

Onlayn bankçılığın yaranması

Dünyada onlayn bankçılıq 1980-ci illərin əvvəllərində fəaliyyətə başlamışdır. ABŞ-da 1980-ci ilin dekabr ayında ilk dəfə telefon xətləri üzərindən onlayn bankçılıq xidmətləri təqdim edilməyə başlandıqdan sonra bu xidmət Böyük Britaniya və digər Avropa ölkələrinə yayıldı. İlk vaxtlar telefon xətləri üzərindən modemlər vasitəsilə müəyyən elektrik impulsları ötürməklə minimal sayda əməliyyatlar etmək, həmçinin mövcud hesab balansını izləmək mümkün idi. Amerika və Avropada 1980-ci illərdən başlayan elektron bankçılıq 2000-ci illərin əvvəllərində artıq dünyanın əksər dövlətlərində yayılmışdı. Xüsusilə ötən əsrin 90-cı illərində internetin inkişafı onlayn bankçılıq sistemində yeni bir səhifə açdı. İlk dəfə 1995-ci ildə Amerikada Wells Fargo bankı hesablarla bağlı xidmətlərini öz veb səhifəsinə əlavə etdi və bununla da digər banklar öz xidmətlərini indiki internet-bankçılığın ilkin formasında təqdim etməyə başladılar. 1999-cı ildə aparılmış hesablamalara görə, ABŞ-da bank müştərilərinin 0,4 faizi onlayn bankçılıq xidmətlərindən istifadə edirdilərsə, bu rəqəm 2004-ci ildə 31 faizə, 2009-cu ildə 47 faizə, 2018-ci ildə 61 faizə çatmışdı. Avropa isə bu məsələdə daha çox irəliləmişdi: statistik məlumatlara əsasən, Norveçdə bu rəqəm 2019-cu ildə 93 faiz olmuşdur. Danimarka və Niderland da bu sahədə kifayət qədər irəli getmişdilər.

Dünyada onlayn bankçılığın hazırkı vəziyyəti

Əksər ölkələrdə bu gün bank sektorunda rəqabətin əsas şərtlərindən biri bankın göstərdiyi onlayn xidmətlərdir. Onlayn bankçılıq, əsasən, internet-saytlar və mobil proqram təminatları vasitəsilə həyata keçirilir. Bundan əlavə, banklar müxtəlif sahibkarlıq subyektlərinə birbaşa inteqrasiya imkanları da yaradırlar. Son illərdə dünyanın müxtəlif ölkələrində coğrafi olaraq konkret bir məkanda deyil, yalnız internet şəbəkəsi vasitəsilə işləyən banklar yaranmışdır və insanlar arasında geniş populyarlıq qazanmaqdadır.

Ümumilikdə tendensiya daha çox məsafədən xidmət əldə edilməsinə, bankların onlayn xidmətə çevrilməsinə doğru gedir. Suni intelekt istiqamətinin inkişafı isə gələcəkdə bankların daha geniş spektrli onlayn xidmətlər təqdim etməsinə imkan yaradacaqdır. Məsələn, hər hansı şəxsə kredit ayrılması üçün onun fərdi məlumatları, keçmiş kredit tarixçəsi, biznes dövriyyəsi barədə məlumatlar dövlət və digər qurumlarla inteqrasiya edilmiş müxtəlif sistemlər vasitəsilə əldə edilə bilərsə, fərdi xüsusiyyətlər və sair məlumatlar da şəxsin harada hansı məbləğdə vəsaitləri xərcləməsi, sosial şəbəkələrdə paylaşımları, rəyləri, getdiyi yerlər, hobbilər və s. informasiyalar vasitəsilə təhlil edilə bilər. Gələcəkdə süni intellektin bank sektorunda tətbiqinin daha asan qərar ermə mexanizmlərinin yaradılmasına səbəb olacağı proqnozlaşdırılır.

Azərbaycanda onlayn bankçılığın vəziyyəti

Azərbaycanda onlayn bankçılıq 2000-ci illərin sonlarında yaranmağa başladı. İlkin olaraq banklar internet-bankçılıq sistemləri vasitəsilə müştərilərə hesabları, kreditləri və depozitləri barədə məlumatları təqdim etməyə başladı, daha sonra isə onlayn rejimdə müxtəlif maliyyə əməliyyatlarının icra edilməsinə imkan yaradıldı. 2010-cu ildən sonra dövlət tərəfindən də nağdsız ödənişlərin təşviqinə başlanıldı.

Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 2016-cı ildə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”, 2018-ci ildə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq edildi. Onlayn bankçılıq xidmətləri bir tərəfdən rəqabət mühitinin tələbi idisə, digər tərəfdən də nağdsız ödənişlərin dövlət tərəfindən dəstəklənməsi bu istiqamətdə inkişafa xüsusi stimul verdi.

2020-ci ildən pandemiyanın gətirdiyi məhdudiyyətlər bütün istiqamətlərdə rəqəmsal transformasiya prosesini xüsusilə sürətləndirməyə sövq etdi. Bunların nəticəsi olaraq artıq ölkədə bütün bankların onlayn bankçılıq xidmətləri – internet və mobil bankçılıq sistemləri vardır. Hazırda ölkədə banklar onlayn bankçılıq xidmətləri vasitəsilə əsasən ənənəvi xidmətləri – hesabların idarə edilməsi, vəsaitlərin transferi, ödənişlər və s. xidmətləri təqdim edirlər. Son beş ildə bu istiqamətdə əldə edilmiş əsas uğurlar aşağıdakılardır:

• ölkədə bütün bankların onlayn bankçılıq xidmətləri təqdim etməsi;

• Hökumət Ödəniş Portalı, yaxud digər portallar inteqrasiya edilməklə müxtəlif kommunal və digər ödənişlərin onlayn bankçılıq sistemləri vasitəsilə həyata keçirilməsi imkanının yaradılması;

• ani ödənişlər sisteminin tətbiq edilməsi və banklarda onlayn bankçılıq sistemləri ilə inteqrasiyası;

• banklarda qanunvericiliyin tələblərinə uyğun olmaqla onlayn hesab açmaq imkanının yaradılması;

• iki banka “ƏDV geri al” layihəsinə birbaşa qoşulmaq imkanının təqdim edilməsi və layihənin bu banklarda uğurla tətbiq edilməsi;

• müxtəlif banklarda əməliyyat dövriyyəsinin əhəmiyyətli hissəsinin (10-60% intervalında) onlayn bankçılıq vasitəsilə həyata keçirilməsi;

• nağdsız ödəniş dövriyyəsinin böyük həcmdə artması.

Azərbaycanda onlayn bankçılıq sahəsində çətinliklər və risklər

Ölkədə onlayn bankçılıq və nağdsız ödənişlərin inkişafı üçün bir sıra geniş imkanlar vardır və banklar da bu imkanlardan istifadə etməklə müxtəlif yeni xidmətlər təklif edirlər. Lakin bu istiqamətin özünün də müəyyən çətinlikləri və riskləri vardır.

Birinci çətinlik ondan ibarətdir ki, ödəniş kartları ilə bağlı xidmətlərin təqdim edilməsi təkcə banklardan asılı deyil, ölkədə mövcud kart prosessinq mərkəzləri də bu işdə iştirak edirlər. Hazırda kart prosessinq xidmətlərində nağdsız ödənişlər üzrə, həmçinin prosessinq mərkəzinin göstərdiyi xidmətlər üzrə müəyyən tariflərin yüksək olması bəzən nağdsız ödənişlərin inkişafına maneələr yaradır – banklar müştəri itirməmək üçün daha ucuz onlayn xidmətlər təklif edir, lakin faktiki olaraq həmin xidmətlərin əsas hissəsini prosessinq mərkəzlərindən alırlar, prosessinq mərkəzlərində yüksək tariflər olduğu halda banklar nağdsız ödənişlər üzrə sərfəli şərtlər təqdim etməkdə çətinlik çəkirlər. Sözsüz ki, zamanla bazardakı rəqabət öz sözünü deyəcək: ya yeni prosessinq mərkəzləri yaranacaq, ya da mövcud prosessinq mərkəzləri öz tariflərinə yenidən baxacaq. Amma rəqabətin yekun bir ortaq nəticəyə gətirməsinə qədər nağdsız ödənişlərin inkişafında müəyyən ləngimə baş vermiş olacaq, daha qısa müddətə çatmaq mümkün olan hədəfə bir qədər gec çatmaq riski davam edəcək. Düşünürəm ki, prosessinq mərkəzlərinin tariflərinə inzibati qaydada müəyyən limitlər tətbiq edilsə, bu daha tez və daha effektiv nəticə verə bilər. Lakin sözsüz ki, maneələr rəqəmsallaşma prosesini müəyyən qədər zəiflətsə də, dayandıra bilməz və yaxın zamanlarda onlayn xidmətlərin əhatə dairəsi daha da genişlənəcəkdir.

İkinci bir məsələ isə kiber təhlükəsizliklə bağlıdır. Hazırda bu məsələyə xüsusi diqqət tələb edilir. Son illərdə ölkədə onlayn bankçılıq istiqamətində çox ciddi insidentlər yaşanmasa da, kibertəhlükəsizlik məsələləri ilə bağlı olaraq bulud infrastrukturun optimallaşdırılması, daha sərfəli tariflərin təqdim edilməsi daha yaxşı nəticələrin əldə edilməsinə səbəb ola bilər. Banklarda ən vacib məsələlərdən biri kiber təhlükəsizliyin bankın əməliyyat həcminə, riskə məruz dəyərə adekvat təşkil edilməsidir. Riskə məruz dəyərdən daha yüksək xərclər sərf edilmiş təhlükəsizlik infrastrukturu biznes mühitində əksər hallarda adekvat addım deyildir. Hesab edirəm ki, tələblər banklardakı mövcud riskə məruz dəyərə adekvat şəkildə müəyyən edilməli və təmin edilməlidir.

Üçüncü məsələ qanunvericiliklə bağlıdır. Azərbaycanda onlayn bankçılığın əsasını təşkil edən “Elektron imza haqqında” Qanun və “Nağdsız hesablaşmalar haqqında” Qanun qəbul edilmişdir, bu qanunlar kifayət qədər əhatəlidir. Lakin istənilən qanunvericilik aktı dövri olaraq təkmilləşmə tələb edir. Qanunvericilikdə müxtəlif yeni texnoloji imkanlarla eyniləşdirmə, həmçinin müxtəlif üsullarla ödənişlərin aparılmasına dair tələblər dövri olaraq yeni texnoloji üsullara uyğunlaşdırılarsa, bu daha səmərəli nəticələr verə bilər.

Dördüncü məsələ xarici ticarət müqavilələrinin vahid reyestri ilə bağlıdır. İndi bütün xarici köçürmələrlə bağlı məlumatlar gömrük orqanları tərəfindən təqdim edilən sistemə daxil edilir. Banklar hər hansı köçürmə əməliyyatını icra edərkən həmin sistemdə olan məlumatlara əsasən müqavilə üzrə nə qədər məbləğin köçürülmüş olmasına və hazırda nə qədər məbləğin köçürülməsinin qanun daxilində olmasına baxa bilirlər. Bu sistemlə bankların daxili sistemlərinin inteqrasiyası xarici köçürmə əməliyyatlarında daha effektiv və avtomatlaşmış bir mexanizmin tətbiq olunmasına, əməliyyatların sürətinin artırılmasına səbəb ola bilər.

Beşinci məsələ çirkli pulların yuyulmasına qarşı mübarizə tədbirləri çərçivəsində ölkədə vahid bir sistemin yaradılmasıdır. Hazırda hər bir bank özü vəsaitlərin transferi zamanı çirkli pulların yuyulmasına qarşı müxtəlif avtomatlaşmış nəzarət mexanizmləri tətbiq edir, lakin bu sistemin mərkəzləşmiş şəkildə təşkil edilməsi həm xərclər cəhətdən səmərəli, həm də effektivlik nöqteyi-nəzərindən üstün ola bilər. Məsələn, bütün banklar üzrə aparılan əməliyyatların vahid mərkəzi yaradılarsa, əməliyyatlar zamanı vahid bir mərkəzə əməliyyatla bağlı məlumatların ötürülməsi və əməliyyatın şübhəli olub olmaması barədə dərhal onlayn rejimdə cavab alınması imkanı verən bir sistem tətbiq edilərsə, bu sistem həmçinin yuxarıda qeyd etdiyimiz müqavilələr reyestri ilə inteqrasiya olunarsa, çirkli pulların yuyulmasına qarşı daha effektiv nəzarət mexanizmləri əldə edilmiş olar.

Proqnozlar

Yaxın müddətdə ölkədə rəqəmsal ödənişlərlə bağlı yeni strategiyanın qəbul edilməsi nəzərdə tutulmuşdur və onun ilkin layihəsi hazırlanmışdır. Hesab edirəm ki, qısamüddətli strateji dövrdə bank xidmətlərinin onlayn bankçılıq sistemləri vasitəsilə əldə edilməsi ölkə üzrə ortalama 50 faiz civarında olacaqdır. Həmçinin həm dövlət tərəfdən dəstəklənən, həm də rəqabət və pandemiya mühitinin qaçılmaz etdiyi rəqəmsallaşma prosesləri sürətlənəcək ki, bu da “kölgə iqtisadiyyatı”nın daha da azalmasına, fiziki və hüquqi şəxslərin bank xidmətlərindən daha geniş istifadə etməsinə səbəb olacaqdır. Bu məsələlər təmin olunduqdan sonra növbəti addım artıq heç bir filialı olmayan bankın yaranması olacaqdır. Düşünürəm ki, yaxın 10 ildə ölkədə filialsız – yalnız onlayn rejimdə xidmət göstərən banklar yaranacaq (yaxud mövcud bankların bir qisminin bu formaya transformasiya olunacaq), rəqəmsallaşma səviyyəsi artdıqca bank sektoru ölkə iqtisadiyyatına daha böyük töhfə verəcək.