BANK

13 Oktyabr

Mərkəzi Bankda IBM ilə birgə yaratdığı sistem istismara verilib

Mərkəzi Bank tərəfindən İBM şirkəti ilə birgə Rəqəmsal İdentifikasiya Sistemi (RİS) yaradılıb

Fins.az xəbər verir ki,qeyd edilən layihə çərçivəsində ölkədə ilk dəfə Hyperledger Fabric blokçeyn platforması tətbiq edilmiş və məlumatların həmin paylanılmış reyestr texnologiyasına əsaslanan verilənlər bazasında tam məxfiliyi qorunmaqla saxlanılması təmin edilmişdir. Eyni zamanda, təklif olunan elektron bank xidmətlərinin əhatə dairəsinin artırılması, “müştəri-bank” münasibatlərinin daha müasir müstəvidə qurulması, həmin xidmətləri ən son texnoloji həllər üzərində yaradaraq keyfiyyətcə yeni mərhələyə qaldırılması və bununla da müştəri məmnunluğunun yüksəldilməsi əsas hədəflərdən biri olmuşdur.

Layihə çərçivəsində hüquqi və fiziki şəxslər tərəfindən məsafədən maliyyə-bank xidmətləri əldə edilən zaman Öz Müştərini Tanı siyasətinə uyğun olaraq onların identifikasiya edilməsi ilə pilot olaraq bank hesablarının açılması və ödəniş kartlarının əldə olunması imkanı yaradılmışdır. Bununla da şəxslərin banka yaxınlaşmadan məsafədən bank xidmətlərini operativ şəkildə əldə edilməsi, bu zaman tələb olunan məlumatların kağız daşıyıcılarında təqdim edilməsi zərurətinin aradan qaldırılması, o cümlədən məlumatların tamlığı, əlçatanlığı və məxfiliyi təmin edilmişdir.

 

Sözügedən rəqəmsal bank xidmətləri RİS-in xüsusi təyinatlı altsistemlərinin müvafiq internet səhifələri (//bankid.az//bankmartket.az) və mobil tətbiqi (Android və iOS platformalı) vasitəsilə daha əlçatan olmuşdur. Hazırda “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Accessbank” QSC, “Azər-Türk Bank” ASC, “Bank Respublika” ASC, “Expressbank” ASC, “Kapital Bank” ASC, “Muğanbank” ASC, “Rabitəbank” ASC, “Unibank” KB ASC, “Bank VTB (Azərbaycan)” ASC RİS-ə inteqrasiya olunmuşdur.

Gələcəkdə adıçəkilən sistemin funksional imkanlarının və əhatə dairəsinin genişləndirilməsi, o cümlədən xidmət təchizatçılarının sayının və göstərilən rəqəmsal xidmətlərin çeşidinin artırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi təmin olunacaqdır.