İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiyada dayanıqlı post-pandemik iqtisadi bərpa üçün səhiyyə və təhsil xərclərinin artırılması vacibdir.
Fins.az xəbər verir ki, bu barədə Dünya Bankı tərəfindən oktyabrın 7-də dərc olunmuş Avropa və Mərkəzi Asiya regionunda iqtisadi vəziyyət üzrə məruzədə deyilir.
Məlumata görə, regionun formalaşmaqda olan bazar iqtisadiyyatlarında və inkişaf etməkdə olan ölkələrində bu il iqtisadi tənəzzülün 4,4 faiz təşkil edəcəyi gözlənilir. Bu da 2008-ci ildən etibarən ən pis resessiya deməkdir. 2021-ci ildə artımın bərpa olunacağı və 1,1–3,3 faiz diapazonunda dəyişəcəyi gözlənilir. Amma perspektivlər yüksək dərəcədə qeyri-müəyyən qalır və risklər mənfi təmayüllərə təsir edir. Bərpa templəri koronavirus (COVID-19) pandemiyasının müddətindən, peyvəndin mövcudluğu və təchizindən, qlobal ticarət və investisiyalar sahəsində yaxşılaşma səviyyəsindən asılıdır. Nəticədə, pandemiya ilə bağlı vəziyyətin pisləşəcəyi təqdirdə bölgədə iqtisadi artım gözləniləndən daha zəif ola bilər.