Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 22 min 973 əmanətçiyə 540 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.
Fins.az xəbər verir ki, bu il iyunun 16-dan oktyabrın 6-dək "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə 194,32 milyon manatdan çox kompensasiya ödənilib. "AG Bank" üzrə 4191 əmanətçiyə 80,1 milyon manat, "NBC Bank" üzrə isə 3970 əmanətçiyə 114,22 milyon manatdan çox kompensasiya ödənilib. İyunun 1-dən oktyabrın 6-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 346,26 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5587 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 132,65 milyon manat, "Ata Bank" üzrə 9225 əmanətçiyə isə 213,61 milyon manat təşkil edib.