Məlum olduğu kimi, cəbhə xəttində gərgin döyüşlər davam edir və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə şanlı ordumuz düşmənin uzun illər boyu işğal altında saxladığı dədə-baba torpaqlarımızı erməni vandallarından təmizləyərək Bayrağımızı dalğalandırır.
Düşmən çaşqınlıq içində öz əsl simasını bir daha göstərərək yaşayış məntəqələrini, mülki əhalimizi atəşə tutur, qadın və uşaqları hədəfə alır.
Hazırda hər bir Azərbaycanlının məqsədi dövlətimizə, şanlı ordumuza dəstək göstərməkdir. Bu şərəfli yolda bütün Azərbaycan xalqı həmrəylik içində birgə addımlayır və daha da əzmlə qələbəyə doğru irəliləyir.
Ölkəmizin qarşılaşdığı bütün sınaqlarda Azərbaycan Banklar Assosiasiyası öz üzvləri ilə birlikdə vətəndaşlarımızın, dövlətimizin yanında olmuş, istənilən mümkün vasitələrlə öz dəstəyini göstərməyə çalışmışdır.
Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin 02 oktyabr 2020-ci il tarixli qərarı ilə Assosiasiyaya üzv banklar ordumuza və cəbhə bölgəsində yaşayan vətəndaşlarımıza dəstək aksiyasına start vermiş və 05 oktyabr 2020 ci il tarixinə banklar tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ümumilikdə altı milyon manata yaxın vəsait köçürmüşlər.
Bir daha bəyan edirik ki, ölkənin bank icması bütün resursları ilə dövlətimizin, ölkə rəhbərliyinin hər zaman yanındadır. Əminik ki, Ali Baş Komandanın əmri ilə hərəkətə keçmiş şanlı ordumuz tez bir zamanda torpaqlarımızı mənfur düşmənlərdən birdəfəlik təmizləyərək regionda sülhün və dirçəlişin əsasını qoyacaq, cəmiyyətimizin birliyi və dəstəyi ilə xalqımız bu sınaqdan da şərəflə çıxacaq və gələcək nəsillərə xoşbəxt günlər bəxş edəcəkdir.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.