PAŞA Bank Türkiyə 22 Sentyabr 2020-ci il tarixində silinmə tarixi (nominalın geri ödənişi) 22 Dekabr 2022-ci il olan istiqrazları üzrə illik 4,85% olmaqla 303.125 ABŞ dolları həcmində sayca 11-ci olan növbəti rüblük kupon ödənişini həyata keçirib. İndiyədək investorlara ümumilikdə 3.637.500 ABŞ dolları məbləğində faiz gəliri ödənilib.
Qeyd olunmalıdır ki, istənilən investisiyanın təhlilində 3 əsas meyar nəzərə alınır:
Təhlükəsizlik - Bankın rəsmi internet səhifəsində 30 iyun 2020-ci il tarixinə olan hesabata əsasən, 1987-ci ildən fəaliyyət göstərən Bankın nizamnamə kapitalı 500 milyon türk lirəsi təşkil edir. Hazırda Bankın əsas səhmdarları kimi PAŞA Bank Azərbaycan ASC (50,96%) və PAŞA Holding MMC (49,00%) çıxış edir. Hesabat tarixinə Bankın aktivləri 2 milyard lirədən artıq, gecikmədə olan kredit portfelinin ümumi portfelə nisbəti 2,6%, kapitalın adekvatlıq göstəricisi isə 26,5% təşkil edir (mənbə: www.pashabank.com.tr/Investor Relations/Investor Relations Presentation).
Likvidlik - Geriödəniş tarixinə qalan müddətin 2 ildən bir az artıq olduğunu nəzərə alaraq, təkrar bazarda bu növ alətlərə tələb vardır. Eyni zamanda, bu kağızlar Bakı Fond Birjasının repo predmeti olan qiymətli kağızların siyahısına əlavə olunub (mənbə: //www.bfb.az/az/view-file/repo-predmetinin-siyahisi-1.pdf ). Beləliklə, qiymətli kağızları satmadan, girov qoymaqla qısa müddətli vəsait cəlb etmək mümkündür.
Gəlirlilik - İstiqrazlar üzrə kupon dərəcəsi illik 4,85%-dir, faizlər rüblük olaraq ödənilir. Azərbaycan Respublikası Mərkəzi Bankının açıqladığı statistik məlumatlara əsasən, 01.08.2020-ci il tarixinə banklarda xarici valyutada yerləşdirilmiş depozitlər üzrə faiz dərəcələri müqavilə müddəti 9 aydan 1 ilədək olanlar üzrə ortalama illik 1,18%, müqavilə müddəti 1 ildən 5 ilədək olanlar üzrə isə ortalama illik 2.02% təşkil etmişdir (mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı / Pul-kredit statistikası / 3.2 Depozit və kreditlər üzrə orta faiz dərəcələri).
Növbəti kupon ödənişi 22 dekabr 2020-ci il tarixində baş tutacaq. İstiqrazları əldə etmək üçün PAŞA Kapital investisiya şirkətinə müraciət edə bilərsiniz. Əlaqə nömrəsi: + (994) 12 493 33 66.