BANK

08 İyul

Vüqar Bayramovdan elektron kredit portalı ilə bağlı AÇIQLAMA

Prezident İlham Əliyevin 4 iyun 2020-ci il tarixli fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub. Sənədə əsasən, həm kreditlərin güzəşt müddətlərində, həm də girov mexanizmində sahibkarların xeyrinə dəyişikliklər edilir. Məqsəd sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, pandemiyadan zərər çəkən sahələrə dövlət dəstəyinin gücləndirilməsi üçün sahibkarların maliyyə alətlərinə əlçatanlığının təmin edilməsidir. Buna nail olmaq üçün yeni Elektron Kredit Portalı yaradılıb (www.e-edf.gov.az). Artıq biznes krediti almaq istəyən sahibkar ofisdən çıxmadan onlayn rejimdə bu platforma üzərindən Fonda müraciət edərək vəsait ala bilərlər.

Millət vəkili Vüqar Bayramov bunun biznes təmsilçilərinin kredit resursları əldə etmək imkanlarının artırılması baxımından çox vacib olduğunu vurğulayıb: “Elektron Kredit Portalının üstünlükləri vaxta qənaət edilməsində, prosedurların sayının az olmasındadır. Burada həm fərdi sahibkarlar, həm də digər sahibkarlıq subyektləri həmin kreditlərdən yararlanacaqlar. İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun təklif etdiyi güzəştli kreditlər aşağı faizli olması ilə seçilir.

Qaydalara əsasən, güzəştli kreditlərin yeni texnologiyaların tətbiqinə yönəldilməsi nəzərdə tutulub. Başqa sözlə, güzəştli kredit yeni avadanlıqların alınmasına yönəldilir və həmin avadanlıqlar girov kimi qəbul edilir. Bu mexanizm üzrə bankların faiz dərəcəsi 7 faiz təşkil edir. Bu üsul girov mexanizminin təkmilləşdirilməsinə imkan verəcək. Əvvəlki dövrlərdə sahibkar kredit götürərək hər hansı avadanlığı almaq istəyirdisə, o zaman daşınmaz əmlakını girov kimi təqdim etməli idi. Bu şərtlərə görə xüsusilə regionlarda çalışan sahibkarlar kredit almaqda çətinlik çəkirdilər. Mərkəzi Bankın rəsmi məlumatına görə, mövcud kredit portfelinin 80 faizi paytaxtdakı, cəmi 20 faizi də digər regionlardakı müştərilərə verilib. Bunun əsas səbəblərindən biri girov mexanizmi ilə bağlıdır. Məsələn, Beyləqanda fəaliyyət göstərən sahibkar biznesini genişləndirmək və ya hər hansı avadanlıq almaq üçün kredit götürmək istəyərsə, ondan girov kimi paytaxtda daşınmaz əmlakın olması tələb olunurdu. Təbii ki, regionda fəaliyyət göstərən sahibkarların böyük əksəriyyətinin bu imkanı yoxdur. Regiondakı daşınmaz əmlakın dəyəri də iri məbləğdə kreditin götürülməsinə imkan vermirdi.

Bundan sonra kredit götürülərkən daşınar əmlakın – avadanlıq və ya innovativ texnologiyanın özü girov kimi qəbul ediləcək. Nəticədə sahibkarlar girov asılılığından azad olacaqlar.

Portalın digər üstünlüyü yeni çağırışlara cavab verməsidir. Artıq pandemiya dövründə həm qlobal səviyyədə, həm də milli iqtisadiyyatda yeni çağırışlar meydana çıxıb. İnnovativlik, onlayn idarəetmə, avtomatlaşdırma əvvəlki dövrlərdən fərqli olaraq daha da aktuallaşıb. Bu həm də 4-cü sənaye inqilabının istiqamətlərinə uyğundur. Ona görə də kreditləşmə mexanizmləri də müasir çağırışlara uyğun olaraq fəaliyyətlərini sistemləşdirə, elektronlaşdıra bilməlidir.

Biznesin postpandemiya dövrünə hazır olmasına böyük ehtiyac vardır. Bu yeni mexanizm sahibkarlar üçün həm də ona görə vacibdir ki, artıq onlar yeni texnologiya ilə yeni çağırışlara uyğun olaraq hələlik proqnozlaşdıra bilmədiyimiz postpandemiya dövrünə hazırlaşsınlar.

Onu da deyək ki, Elektron Kredit Portalı vasitəsilə kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən iş adamlarına da güzəştli kreditlərın ayrılması nəzərdə tutulub. Bu sahə üçün spesifik tələblər sırasında kreditlərin müddəti və güzəşt müddətləri ilə bağlıdır. Sahibkar, xüsusilə aqrar sektorda çalışan fermerlər qısa müddətdə gəlir əldə edə bilmirlər. Həmin şəxs heyvandarlıqla məşğuldursa, investisiya qoyuluşu, iribuynuzlu və ya xırdabuynuzlu heyvanların alınması, onun yetişdirilməsi müəyyən zaman tələb edir. Bu zaman da əlavə xərclər çəkilir. Nəticədə onun gəlir əldə etməsi 6 ay, bəzi hallarda 1 ilə qədər zaman alır. Əkinçiliklə məşğul olanlar da müəyyən müddətdən sonra məhsulu bazara çıxararaq gəlir əldə edə bilirlər. Aqrar sektorun meyarlarına uyğun olaraq ilk illər bu sahələrdən fermerlərin yüksək gəlir əldə etmək imkanları məhduddur. Ona görə də fermer üçün kredit və güzəşt müddətlərinin uzun olması vacib idi. Müddətin uzun olması kredit öhdəliyini yerinə yetirməyə, eyni zamanda həmin müddətdə təsərrüfata investisiya qoymağa imkan verir.