Ləğv prosesində olan "AGBank", “Atabank” və “NBC Bank” ASC-lər vaxtilə maliyyə bazarlarına nəzarət orqanından fiziki şəxslərdən müddətli əmanətlərin qəbulu, qorunan əmanətlərin artırılması, mövcud əmanətlərin şərtlərinin dəyişdirilməsi yolu ilə qorunan əmanət statusuna aid edilməsi əməliyyatlarının həyata keçirilməsinin dayandırılması barədə göstəriş alsa da, buna əməl etmədikləri müəyyən olunub.
Fins.az xəbər verir ki, bununla bağlı "Əmanətlərin Sığortalanması Fondu məlumat yayımlayıb.
Məlumata görə Əmanətlərin Sığortalanması Fondu bildirir ki, ləğv prosesində olan “Atabank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-də maliyyə bazarlarına nəzarət orqanı tərəfindən fiziki şəxslərdən müddətli əmanətlərin qəbulu, qorunan əmanətlərin həcminin artımı, mövcud əmanətlərin şərtlərinin dəyişdirilməsi yolu ilə qorunan əmanət statusuna aid edilməsinə dair əməliyyatların həyata keçirilməsinin dayandırılmasına dair təshih tədbirləri tətbiq edilmişdir.
Təshih tədbirlərinin tətbiq olunmasına baxmayaraq, sözügedən banklar tərəfindən əmanətlər qəbul olunmuş, qorunan əmanətlərin həcminin artımı, mövcud əmanətlərin şərtlərinin dəyişdirilməsi yolu ilə qorunan əmanət statusuna aid edilməsinə dair əməliyyatların həyata keçirilməsi müəyyən olunmuşdur.
Bundan əlavə, “Atabank” ASC-yə təyin olunmuş müvəqqəti inzibatçının ƏSF-yə təhvil verdiyi ləğv prosesində olan “Atabank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində əmanətçilərin depozitlərinin bir hissəsi səhvən qorunmayan əmanət kimi qeydə alınmışdır.
Bu məsələlərlə əlaqədar sözügedən bankların əmanətçilərinin hüquqi mənafelərinin qorunması və əmanətlər üzrə kompensasiyaların verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinə məktub ünvanlanmışdır.
Müəllif:Aynur Qəniyeva