BANK

06 İyul

Dünya Bankı Azərbaycana 150 mln dollar vəsaitin ayrılmasını təsdiq edib

Dünya Bankı 2020-ci maliyyə ilində (2019-cu il iyulun 1-dən 2020-ci il 30 iyuna qədər) Azərbaycana $150 milyon ümumi məbləğdə kredit və qrantların verilməsini təsdiq edib. 

“Üç illik fasilədən sonra DB 2020-ci maliyyə ilində Azərbaycanda layihələrin kreditləşdirilməsini bərpa edib. Başa çatan maliyyə ilində bank $150 milyon məbləğində kredit resurslarının təqdim edilməsini təsdiq edib”, - bankdan bildirilib.

2018-2019-cu maliyyə illərində DB Azərbaycanda layihələrə kredit ayırmayıb. 2017-ci maliyyə ilində bank ölkəyə $400,25 milyon məbləğində kredit və qrantların verilməsini təsdiq edib.

2020-ci il martın 5-də Dünya Bankı məşğulluğa dəstək layihəsinin maliyyələşdirilməsi üçün Azərbaycana $100 milyon məbləğində kredit ayırıb. Kredit vəsaiti 4 ili güzəştli olmaqla 14 il müddətinə ayrılıb.

5 illik dövrü əhatə edən məşğulluğa dəstək layihəsinin məqsədi Azərbaycanda əhalinin həssas təbəqələrinə iş tapmaqda, əmək bazarında özünüməşğulluq imkanlarının reallaşdırılmasında kömək etməkdir. Layihə gənclər, qadınlar, təhsil səviyyəsi aşağı olan insanlar və ölkə daxilində köçürülmüş şəxslər arasında məşğulluqla bağlı vəziyyətin yaxşılaşdırılmasına yönəldiləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2020-ci il üçün özünüməşğulluq proqramının maliyyələşdirilmə həcmini 63 milyon manat (cari məzənnə ilə $37 milyon dollar) məbləğində qiymətləndirir.

Bundan başqa, 2020-ci il martın 26-da Dünya Bankı (DB) ədliyyə sistemində islahatların davam etdirilməsi üçün Azərbaycana $50 milyon məbləğində kreditin ayrılmasını təsdiq edib. Kredit vəsaiti 11,5 il müddətinə təqdim olunub, bunun 4 ili – güzəştli dövrdür.

Reallaşdırılması 4 il müdətinə nəzərdə tutulan layihənin ümumi dəyəri $70 milyon təşkil edir, bunun $50 milyonu DB, $20 milyonu isə Azərbaycan hökuməti tərəfindən ayrılacaq

Kredit resursları bir neçə istiqamət üzrə istifadə olunacaq: ədliyyə xidmətlərinin göstərilmə səviyyəsinin yaxşılaşdırılması; institusional potensialın, effektivliyin, monitorinq və qiymətləndirmənin gücləndirilməsi; pilot əsaslarla qabaqcıl texnologiyaların tətbiqi; layihənin idarə olunması və əlaqələndirilməsi.

Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 50-dən çox layihənin həyata keçirilməsi üçün respublikaya ümumilikdə $3,5 milyard məbləğində kredit ayırıb

(c)İnterfaks Azərbaycan