Qaydalara əsasən, hər bir sahibkarlıq subyekti dövlət zəmanəti verilmiş kreditin cəmi məbləği 3 milyon manatdan çox olmamaq şərti ilə kredit əldə edə bilər
Azərbaycanda iqtisadiyyatın və sahibkarların koronavirus pandemiyasının təsirlərindən qorunması üçün dövlət tərəfindən təqdim edilən dəstək proqramlarının növbəti mərhələsi başlayıb. Aprel-may aylarında pandemiyaya görə tətbiq olunmuş məhdudlaşdırma tədbirləri ilə bağlı yaranmış zərərlərin qarşılanması məqsədilə sahibkarlara maliyyə dəstəyi göstərilib, fəaliyyətlərinin stimullaşdırılması üçün vergi güzəştləri və vergi tətilləri verilib. İyun ayından isə sahibkarlığa dövlət dəstəyinin mexanizmləri bir qədər də genişləndirilib və onlara dövlət zəmanəti ilə kredit əldə edilməsi imkanı yaradılıb. Bununla bağlı “İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası” təsdiq edilib və fondun nizamnaməsinə dəyişiklik olunub.
Yeni mexanizmin əsas elementlərindən biri dövlətin bilavasitə sahibkarın zəmanətçisi kimi çıxış etməsidir. Yəni dövlət sahibkarın aldığı kreditə onun yerinə zəmanət verir. Dövlət zəmanəti pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin manatla alınan yeni biznes kreditlərinə verilir. Bu sahələrə ictimai iaşə, istehsal (ərzaq, dərman, tütün, alkoqollu və alkoqolsuz içki, neft məhsulları istehsalı istisna), idman-sağlamlıq obyektləri, topdan və pərakəndə ticarət (ərzaq, dərman və neft məhsullarının satışı istisna olmaqla), mehmanxanalar, turoperator və turagent fəaliyyəti, avtomobillərə texniki xidmət göstərilməsi, bərbərxanalar, gözəllik salonları, hazırlıq və ixtisasartıma kursları, uşaq tədris və inkişaf mərkəzləri, ölkədaxili yük və sərnişin daşımaları və s. daxildir. Bu sahələri təmsil edən sahibkarlar dövlət zəmanəti ilə 3 milyon manatadək kredit əldə edə biləcəklər. Kreditin müddəti 3 ildən, faiz dərəcəsi isə 15 faizdən çox olmamalıdır. Güzəşt müddəti maksimum 12 aydır.
Dövlət sahibkarın aldığı kreditin 60 faizədək hissəsinə dövlət zəmanəti verir. Məsələn, kredit təşkilatı sahibkara 1.000.000 manat məbləğində kredit verirsə, kreditin 600.000 manatlıq hissəsinə dövlət zəmanəti verilir. Bir çox hallarda kredit götürən sahibkarın girov qoymaq üçün əmlakı, yaxud da götürdüyü kreditə uyğun likvid dəyərli əmlakı olmur. Dövlət kreditin 60 faiz hissəsinə zəmanət verməklə sahibkarın girov öhdəliyini azaltmış olur.
Qaydalara əsasən, hər bir sahibkarlıq subyekti dövlət zəmanəti verilmiş kreditin cəmi məbləği 3 milyon manatdan çox olmamaq şərti ilə bir neçə kredit əldə edə bilər. Hesab olunur ki, bu, sahibkarların yükünü azaltmaqla yanaşı, həm də bankların likvidlik problemlərinin həll olunmasına müsbət təsir göstərəcək. Qaydalara görə, dövlət zəmanəti sahibkarlara kredit təşkilatları vasitəsilə veriləcək.
Yeni mexanizmin ikinci mühüm elementi alınmış dövlət zəmanətli kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasıdır. Belə ki, dövlət sahibkarlara daha bir güzəştə gedərək onların əldə edəcəyi kreditlərin illik faiz dərəcəsinin 50 faizini subsidiyalaşdıracaq. Məsələn, əgər sahibkar krediti 15 faizə götürübsə, kredit faizinin yarısı dövlət vəsaiti hesabına subsidiyalaşdırılacaq, yəni sahibkar aldığı kredit üçün 7,5 faiz ödəyəcək.
Kredit üçün necə müraciət etməli
Kreditin, xüsusilə böyük məbləğdə biznes kreditinin alınması prosedurları heç də asan deyil. Bu, sahibkar üçün kifayət qədər vaxt, gərgin danışıqlar hesabına başa gəlir. Bunu nəzərə alaraq, yeni mexanizmlər inzibatçılığın sadələşdirilməsi kimi elemetləri də nəzərdə tutur. Qeyd olunan mexanizmlərin tətbiqində sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılması, kredit sifarişlərinə qısa zaman ərzində baxılması, müraciətlərin qəbulu, kredit təşkilatları və Sahibkarlığın İnkişafı Fondu tərəfindən zəruri təhlillərin aparılması və qərarların sahibkarlara çatdırılması kimi proseslər İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan Elektron Kredit Platforması (www.e-edf.gov.az) vasitəsilə həyata keçirilir. Belə ki, kredit almaq istəyən sahibkar əvvəlcə “Asan imza” vasitəsilə www.e-edf.gov.az saytında “Elektron kredit platforması”na zəruri məlumatları daxil edir. Müraciət hüququ olan sahibkarlıq subyekti müvəkkil kredit təşkilatını seçir və biznes-planına uyğun olaraq kredit məbləğini qeyd etməklə müraciətini təsdiqləyir. Sahibkarlıq subyektinin müraciətinə sürətli kredit (200.000 manatadək) üzrə 7 iş günü, ənənəvi kredit üzrə isə 10 iş günü ərzində baxılır.
Kreditlər hansı sahibkarlara veriləcək?
Hökumət bildirir ki, kreditlər işini qanun çərçivəsində quran sahibkarlar üçün əlçatan olacaq. Bu o deməkdir ki, sahibkar riskli vergi ödəyicisi olduqda, sahibkarlıq subyektinin fəaliyyət növü obyekt tələb etdiyi halda vergi orqanında qeydiyyatda onun obyekti olmadıqda, həmçinin sahibkarın müraciət tarixinə fəaliyyət vəziyyəti aktiv olmadıqda və bir sıra digər hallarda sahibkara kredit verilmir. Fəaliyyət sahəsi pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olan sahibkarlıq subyektinin müraciətinə yuxarıda göstərilən və digər səbəblərdən imtina verilərsə, səbəb kimi göstərilmiş çatışmazlıqlar aradan qaldırdıqdan sonra, onun bir daha həmin və ya digər bank vasitəsi ilə yenidən müraciət etmək hüququ saxlanır.