BANK

02 İyul

Milli Məclisdə bank sistemi ilə bağlı dinləmələrin keçirilməsi gözlənilir

Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsində iki məsələ ilə bağlı dinləmə keçirilməsi gözlənilir.

Bu barədə açıqlamasında komitənin sədr müavini Əli Məsimli bildirib.

Deputat bildirib ki, təmsil etdiyi komitənin bank sistemi ilə bağlı da dinləmələr keçirməsi gözlənilir. Bu dinləmələrin konkret tarixi isə hələlik dəqiqləşdirilməyib.

O qeyd edib ki, son iki ayda komitə üç dinləmə keçirib: "Həmin dinləmələrdən biri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Palatanın məsul işçilərinin iştirakı ilə keçirilib. Dinləmə zamanı Milli Məclisin Hesablama Palatası ilə əlaqələrinin dərinləşdirilməsi, bu əsasda büdcə prosesinə nəzarətin gücləndirilməsi və səmərəliliyinin artırılası məsələləri geniş müzakirə olunub. İkinci dinləmə İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova və nazirliyin məsul işçilərinin iştirakı ilə keçirilib. Görüş zamanı proqnozlaşmanın vəziyyəti və onun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində çox açıq və konstruktiv müzakirələr baş tutub. Üçüncü dinləmə Bakıda fəaliyyət göstərən lombardların nümayəndələri ilə keçirilib. Müzakirələr zamanı lombardların fəaliyyətinin hüquqi tənzimlənməsinin optimal variantı və “Lombardlar haqqında” qanunda praktiki məqamların nəzərə alınması ətrafında geniş fikir mübadiləsi aparılıb”.

(c)APA