Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2020-ci ilin iyun ayında valyuta hərraclarında $373,2 milyon məbləğində xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
ARDNF bu ilin may ayında valyuta hərraclarında $334 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, iyun ayında xarici valyuta satışının həcmi may ayı ilə müqayisədə 11,7% artıb.
Fondun aylıq məlumatları əsasında aparılan hesablamalara görə, cari ilin yanvar-iyun aylarında ARDNF valyuta hərraclarında $4 milyard 10,2 milyon (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 51,7% - İF) satıb.
Mart ayında neftin kəskin ucuzlaşması fonunda Azərbaycanda xarici valyutaya tələb artsa da, martın 29-dan etibarən tədricən azalmağa başlayıb.
Hazırda ARDNF valyuta hərraclarında valyuta satışının əsas mənbəyi kimi çıxış edir.
ARDNF-dən bildiriblər ki, fond cari ildə valyuta hərraclarında $6,8 milyard məbləğində xarici valyuta satmağı planlaşdırır.
Xəbər verildiyi kimi, fond 2019-cu ildə valyuta hərraclarında $6 milyard 593,86 milyon məbləğində xarici valyuta satıb (2018-ci illə müqayisədə artım 2,1% - İF).
(c)İnterfaks Azərbaycan