. Dünyanın 53-dən çox ölkəsində həyata keçirilən kart əməliyyatları haqqında araşdırmanın nəticələrinə görə, “Valentin Günü” xərclərinin 2017-ci ildən 17% artması ilə qlobal iqtisadiyyatla yanaşı “sevgi iqtisadiyyatı” da 5 dəfə böyüyüb.
Romantiklər əvvəlki illərlə müqayisədə sevgiləri naminə daha çox pul xərcləyirlər. Son üç il ərzində “Valentin günü”ndə və ona qədər (11-14 fevral tarixləri) edilən ümumi tranzaksiyaların sayı 31% artıb. Göstərilən rəqəmlər, “Sevgililər günü” ilə bağlı xərcləmə vərdişləri və meyllərini bütün dünya üzrə aparılan kredit, debet və əvvəlcədən ödənilmiş kart tranzaksiyaları əsasında təhlil edən “Mastercard Sevgi İndeksi”ndən götürülüb.
Son trendlərə əsasən ənənəvi çiçək və zinət əşyaları kimi hədiyyələrin payı azalmaqdadır. Onların əvəzində "təcrübə" hədiyyələrinin sayı artır. Məsələn, hotel rezervasiyaları 22%, romantik məkanlara səfərlər isə “Valentin günü” xərclərinin 13%-ni təşkil edir. Keçən il 14 fevral ərəfəsində uçuş və səyahət rezervasiyalarına 2.2 milyard dollar xərclənib. Araşdırma əsasında o da məlum olub ki, ənənəvi “Valentin günü” kartına çəkilən xərclər də azalmaqdadır. Bu istiqamətdə son üç ildə cəmi 2% artım müşahidə olunub.
Restoranda romantik şam yeməyi sevgililər üçün ən təhlükəsiz seçimi olmaqda davam edir. 2017-ci ildən etibarən “Valentin günü”ndə restoranlarda edilən tranzaksiyalarda 32% artım müşahidə edilib, ümumi xərclər isə 2019-cu ildə 16% artaraq 3,4 milyard dollara çatıb.
Çiçəklər xanımlar üçün ən çox alınan hədiyyələrdən olsa da, onların sayında 2017-ci ildən bəri cəmi 3% artım qeydə alınıb, hədiyyəlik zinət əşyalarında isə artım cəmi 6%-dir.
“Sevgililər günü”ndə artım müşahidə olunan sahələrdən biri də onlayn ticarətdir. Son üç il ərzində bayram ərəfəsində onlayn tranzaksiyalar 57% artıb. Ənənəvi alış-verişlərdə isə təmassız tranzaksiyaların payı ilbəil artım göstərərək 2017-ci ildən etibarən 175%-dir.
İndeksdəki göstəricilərdən belə qənaətə gəlmək olar ki, “Sevgililər günü” indi daha planlı təşkil edilir. Belə ki, ilbəil son dəqiqə alış-verişlərinin sayı azalır. 2019-cu ildə “Valentin günü” tranzaksiyalarının böyük hissəsi 11 fevralda həyata keçirilib. 2018-ci ildə tranzaksiyaların böyük qismi 12 fevral, 2017-ci ildə isə 13 fevral tarixlərində reallaşdırılıb.