Bakı üzrə bütün marşrut avtobusları "BakıKart" sisteminə keçdikdən sonra sərnişinlərə gediş haqlarını təmassız bank kartları vasitəsi ilə ödəmə imkanı təklif olunacaq.
Fins.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sisteminin inkişafı şöbəsinin rəisi Ramil Mahmudov deyib.
Onun sözlərinə görə, alternativ olaraq "BakıKart" təmassız ödəniş kartlarının sahiblərinə kartların balansını internet üzərindən artırmaq imkanının yaradılması da nəzərdə tutulur.
"Bu proseslə bağlı "BakıKart"la sıx əməkdaşlıq edirik, mütəmadi olaraq "Visa" və "Mastercard" beynəlxalq kart təşkilatlarının nümayəndələri ilə görüşlər keçirilir və qabaqcıl dünya təcrübəsi öyrənilir. Layihə kommersiya xarakteri daşıyır və iştirakçı təşkilatların marağına cavab verir. İnanırıq ki, yaxın gələcəkdə Azərbaycan nəqliyyatda qabaqcıl rəqəmli ödəniş texnologiyalarını tətbiq edən inkişaf etmiş ölkələr siyahısına qatılacaq", - deyə R. Mahmudov qeyd edib.
Müəllif:Aynur Qəniyeva