Yaxınlarda Azərbaycanın daha bir universitetdə təhsil alan tələbələrə "Smart tələbə kart"larının verilməsinə başlanılacaq.
Fins.az xəbər verir ki. bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sisteminin inkişafı şöbəsinin rəisi Ramil Mahmudov deyib.
Onun sözlərinə görə, bununla bağlı rəsmi təqdimatın təşkil olunacağı gözlənilir. “Məqsədimiz ölkə üzrə bütün tələbələri bu kartlarla təmin etməkdir. Potensial olaraq söhbət təxminən 250 minə yaxın kartdan gedir. Hazırda bu layihənin icrası ilə bağlı ölkənin dörd ali təhsil mərkəzi ilə əməkdaşlığa dair müzakirələr aparılır. Həmçinin biz bu sahədə Təhsil Nazirliyi ilə əməkdaşlıq edirik. Bundan başqa “Azərbaycan Beynəlxalq Bankı”, “PASHA Bank” və “Bank of Baku” artıq bu layihənin icrası ilə maraqlanırlar. Bu banklar öz müştəriləri olan universitetlərlə aktiv iş aparırlar və yəqin ki yaxın vaxtda onlar tərəfindən də kartların tələbələrə verilməsinə başlanılacaq”, - deyə R. Mahmudov qeyd edib. .
Xatırladaq ki, "Smart tələbə kartı" layihəsinə ötən ilin noyabr ayından Azərbaycan Təhsil Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü ilə start verilib
Müəllif:Aynur Qəniyeva