BANK

12 Fevral

Ödənişləri indi üzüklə də aparmaq olar

Fevralın 12-də Bakıda keçirilən “Visa Cashless Forum”da Azərbaycan Beynəlxalq Bankı ölkəmiz üçün bir ilk olan növbəti innovativ yeniliyini müştərilərinə təqdim edib. Bu, Ring Pay ödəniş üzükləridir. Belə ki, artıq nağdsız ödənişləri digər vasitələrlə yanaşı, barmaqdakı üzüklə də təmassız qaydada həyata keçirmək olar.  

  Azərbaycan Beynəlxalq Bankının,  VISA beynəlxalq kart təşkilatının, İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin, eləcə də Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə “Gələcəyə doğru hərəkət” mövzusunda təşkil olunmuş “Visa Cashless Forum”da Ring Pay ödəniş üzüklərinin özəllikləri barədə iştirakçılara ətraflı məlumat verilib.

Üzük adi plastik bank kartının bir çox funksiyalarını yerinə yetirir. VISA kartları ilə təmassız  ödəniş aparmağın mümkün olduğu əksər yerlərdə bu üzüklərdən istifadə edib ödənişləri qısa zamanda həyata keçirmək mümkündür. Ödəniş aparan zaman üzüyün üst hissəsini POS terminala yaxınlaşdırmaq kifayətdir. Bu zaman ödəniş əməliyyatı cəmi 1-2 saniyə ərzində başa çatır. Üzük su keçirmədiyindən onu ağır zərbələrdən, kimyəvi maddələrin təsirindən qorumaqla həmişə barmaqda gəzdirmək olar. Ring Pay  ödəniş üzüyünü yaxın günlərdə şəxsiyyət vəsiqəsi ilə Azərbaycan Beynəlxalq Bankının yaxınlıqdakı istənilən filial və ya şöbəsindən əldə etmək mümkündür.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib: “Ring Pay ödəniş üzükləri təmassız NFC texnologiyası əsasında hazırlanmış yeni bank məhsuludur. Azərbaycan Beynəlxalq Bankının ölkəmizdə ilk dəfə tətbiq etdiyi bu innovativ yenilik nağdsız ödənişləri daha da asanlaşdıracaq. Ümidvarıq ki, müştərilərimiz bu üzüklərdən məmnuniyyətlə istifadə edəcək və belə maraqlı təcrübəni başqaları ilə də bölüşəcəklər”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.