Qlobal ödənişlər üzrə gəlirlərin artımı 2017-ci ildə 11 faiz, 2018-ci ildə 6 faiz olmaqla dünyadakı iqtisadi artım tempini əhəmiyyətli şəkildə üstələyir. “Worldpay” hesabatına əsasən 2022-ci ilə qədər dünyada e-commerc-in həcmi 140 online ödəmə sistemindən istifadə etməklə 4,6 trilyon dolları keçəcək. Hazırda dünyada kredit və debet kartları, əvvəlcədən ödəmə kartları, elektron cüzdanlar, onlayn bank ödəmələri, birbaşa debet, sonradan ödəmə, nağd pul, birbaşa daşıyıcı göndərmə və kriptovalyutalardan ödəmə vasitəsi kimi istifadə edilir. Dünyada rəqəmsal ödənişlərin hər 1 faiz artımı istehlak səviyyəsini 104 milyard dollar artıra bilər. “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” və “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” ölkəmizdə rəqəmsal ödənişlərin inkişaf etdirilməsi üçün əsas dövlət sənədləridir. Hazırda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi hər iki sənədin monitorinq və qiymətləndirilməsini həyata keçirir. Dövlət Proqramının icrası nəticəsində nağdsız ödənişlərin illik həcmi təqribən 17 mlrd. manat arta bilər. Bu isə nağdsız ödənişlərin payının hər il 7% artmasına imkan verəcəkdir. Nəticədə bütövlükdə iqtisadi tranzaksiyada nağd ödənişlərin payı 74%-dən 40%-ə qədər azalacaqdır. Azərbaycanda ötən il Banklararası Milli Hesablaşmalar Sistemi üzrə ödənişlərin məbləği azalsa da, Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi və Sürətli pul köçürmə sistemləri üzrə köçürmələr artmışdır. Ümumilikdə, ölkəmizdə ödəniş və pul köçürmə sistemləri üzrə əməliyyatların sayı 2019-cu ildə 40 faiz artmışdır. 2019-cu ildə ödəniş kartlarının sayı 11,2 faiz artmaqla 7,3 milyon ədədə çatmışdır. Həmçinin, keçən il debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların sayı 38 faiz, məbləği isə 31 faiz artmışdır. 2019-cu ildə ölkədaxili əməliyyatlardan elektron ticarət üzrə nağdsız ödəniş əməliyyatlarının sayı 67 faiz, məbləği isə 97 faiz artmışdır. Azərbaycanda elektron ticarətin həcmi tarixdə ilk dəfə olaraq rekord həddə artmışdır. Təsadüfi deyil ki, Azərbaycan UNESCAP-ın hesablamalırna görə, kağızsız ticarət və ticarətin asanlaşdırılması kriteriyalarına görə Cənubi Avropadan başlamış Çinə qədər geniş bir coğrafiyada lider ölkədir. Azərbaycanda son bir ildə ATM-lər vasitəsilə nağdsız ödənişlər cüzi azalsa da, POS terminallar üzrə nağdsız ödənişlər 20 faizə qədər artmışdır. Lakin ATM və POS terminalların sayı aşağı sürətlə artır, xüsusən regionlarda azalma müşahidə edilir. Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə rəqəmsal vergi inzibatçılığının inkişaf etdirilməsi üçün elektron informasiya sisteminə məlumat ötürməyə imkan verən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi nəzərdə tutulub. Pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti üzrə nağd və nağdsız ödənişlər edən vətəndaşlar ödənilən vergi məbləğinin bir hissəsi ilə bağlı vergi güzəştləri əldə etmək imkanına malik olacaq ki, bu da nağdsız ödənişlərin stimullaşdırılması deməkdir. Elektron ixracın lideri Azexport.az portalının ixrac sifarişləri son üç ildə 1.5 milyard dolları keçib. Azərbaycanda ani ödəniş sistemi, smart tələbə kartları, dəmir yollarında gediş haqlarının təmassız bank kartları ilə ödənilməsi, ictimai nəqliyyatda nağdsız əməliyyatlar və başqa istiqamətlərdə rəqəmsal ödənişlərin inkişafı üçün fəaliyyətlər göstərilir.