BANK

11 Fevral

Vergiyə cəlb olunan valyuta əməliyyatları

Xarici valyuta üzrə əməliyyatlar vergi uçotu məqsədləri üçün Azərbaycan Respublikasının pul vahidi manata çevrilərək aparılmalıdır. Bu mövzuda maraq doğuran məsələləri sərbəst auditor Altay Cəfərov şərh edir.

Vergi Məcəlləsinin 69-cu maddəsində xarici valyutanın manatla hesablanması məsələləri əks olunub. Həmin maddəyə görə, xarici valyuta ilə aparılan və vergiyə cəlb edilən hər hansı əməliyyat həyata keçirildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının (MB) rəsmi mübadilə məzənnəsi üzrə manatla hesablanır.

Xarici valyuta ilə aparılan və vergiyə cəlb edilən əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir. Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi MB-nin elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə MB-nin elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir.

Xarici valyuta ilə aparılan əməliyyatlar nədir? İstənilən valyuta ilə aparılan əməliyyat bura aiddirmi?

Belə əməliyyatlara xarici valyutada malların, işlərin, xidmətlərin alışını, satışının, onların dəyərinin ödənilməsini tam aid etmək olar.

Burada əsas məqsəd odur ki, istənilən baş vermiş əməliyyat xarici valyutada aparılsın. Məsələn, manatın xarici valyutaya mübadiləsini birbaşa bura aid etmək olmur. Xarici valyutanın manata mübadiləsini isə bura aid etmək olar, amma vergi tutulan əməliyyat kimi qiymətləndirmək olmaz.

Vergiyə cəlb edilən əməliyyatlar nədir?

Vergiyə cəlb edilən əməliyyat dedikdə baş verən əməliyyatın Vergi Məcəlləsində nəzərdə tutulmuş vergitutma obyektinə uyğun gələn əməliyyatların olması vacibdir. Buraya xarici valyuta ilə malların, işlərin xidmətlərin alınması və satılması əməliyyatlarını aid etmək olar.

Valyuta alışında və satışında heç bir vergitutma əməliyyatı görünmür. Ona görə də bu maddəni sırf valyuta mübadiləsinə şamil etmək olmur.

Digər tələblər aşağıdakılardır:

Bütün əməliyyatlar MB-nin məzənnəsi ilə aparılmadır.

Vergi ödəyicilərinin hesablaşma hesablarına xidmət göstərən banklar, ola bilsin ki, baş vermiş əməliyyatları öz məzənnəsi ilə aparsın, həmçinin bir çox hallarda valyuta bank çıxarışlarında banklar əməliyyatları öz məzənnələri ilə yazsın, amma yaxşı olardı ki, vergi ödəyiciləri 69-cu maddənin tələblərinə aid olan əməliyyatların manata çevirməsini MB-nin məzənnəsi ilə həyata keçirsinlər.

Gömrükdən keçəndə də mallar MB-nin məzənəsi ilə aparılmalıdır.

Bundan əlavə, ilin sonuna valyuta hesablarının qalıqlarının hesablanması MB-nin məzənnəsi ilə aparılmalıdır.