AVTO

14 Avqust

Tesla Böyük Britaniyada elektrik enerjisi təchizatı üçün lisenziya müraciəti edib

Finss.az - Britaniyanın enerji tənzimləyicisi Ofgem-in saytında yayılan məlumata görə, Amerikanın Tesla şirkətinə məxsus Tesla Energy Ventures Böyük Britaniyada elektrik enerjisi təchizatı üçün lisenziya almaq məqsədilə müraciət edib.

CNBC yazır ki, ərizə təsdiqlənəcəyi halda, şirkət gələn ildən etibarən ölkədəki yerli sakinlərə və müəssisələrə elektrik enerjisi çatdırmağa başlaya biləcək.

Elektrikli nəqliyyat vasitələri istehsalı ilə tanınan Tesla, həmçinin günəş enerjisi və enerjinin saxlanması üçün innovativ həllər hazırlayır. Şirkətin törəmə qurumu Tesla Electric 2022-ci ildən Texas ştatında fəaliyyət göstərir və müştərilərə enerji istehlakını optimallaşdırmaqla yanaşı, artıq elektrik enerjisini satmaq imkanı təqdim edir.

Ekspertlər hesab edir ki, Tesla-nın Böyük Britaniya bazarına daxil olması, şirkətin qlobal enerji sektorundakı mövqelərini daha da möhkəmləndirə bilər.