AVTO

09 İyul

Renault müvəqqəti CEO-nu açıqlamağa hazırlaşır

Finss.az - Fransız avtomobil nəhəngi Renault gələn həftə şirkətə müvəqqəti rəhbərlik edəcək yeni icraçı direktorun adını açıqlayacaq.

Bu barədə Financial Times məlumatlı mənbələrə istinadla xəbər yayıb.

Mənbələrin bildirdiyinə görə, şirkət CEO vəzifəsinə üç namizəddən ibarət qısa siyahı tərtib edib. Bu şəxslər Dacia brendinin rəhbəri Deni Le-Vot, Renault-un satınalma, tərəfdaşlıq və ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Fransua Provost, eləcə də Stellantis-in keçmiş top-meneceri Maksim Pikadır.

Qeyd edək ki, Renault-un hazırkı baş icraçı direktoru Luka de Meo iyunun ortalarında gözlənilmədən Kering şirkətinə keçəcəyini açıqlamış və 15 iyulda vəzifəsini tərk edəcəyini bildirmişdi.

Məlumatlara görə, şirkət rəhbərlikdə ardıcıllığı təmin etmək məqsədilə dəqiq strateji plana malikdir və yay aylarının nisbətən sakit keçəcəyini nəzərə alaraq daimi CEO təyinatına tələsmir. Namizədlərin seçimi isə beynəlxalq kadr agentliyi Russell Reynolds tərəfindən həyata keçirilir.

Renault-un nümayəndələri CEO axtarışının davam etdiyini təsdiqləsələr də, konkret namizədlərlə bağlı şərh verməkdən imtina ediblər.