Finss.az - Cənubi Koreya avtomobil istehsalçısı Kia, “World Car Awards 2025” mükafatında böyük uğura imza atıb.
Şirkətin yeni elektrik modeli Kia EV3, bu il dünyanın ən nüfuzlu avtomobil mükafatlarından biri olan “İlin Avtomobili” adına layiq görülüb.
Mükafatlandırma mərasimi ötən həftə Nyu-York Beynəlxalq Avtosalonunun çərçivəsində keçirilib. Qaliblər 30 ölkədən olan 96 avtomobil jurnalistinin səsverməsi əsasında müəyyən olunub. Kia EV3 ümumi 780 xal toplayaraq, əsas rəqibləri olan Hyundai Casper Electric (764 xal) və BMW X3 (754 xal) modellərini geridə qoyub.
Final siyahısında həmçinin Audi A5, Ford Mustang, Mini Cooper Electric, Suzuki Swift, Toyota Camry, Toyota Land Cruiser və Volkswagen Tiguan da yer alıb.
Qeyd edək ki, bu, Kia-nın “World Car Awards” müsabiqəsində ikinci böyük qələbəsidir. 2024-cü ildə Kia EV9 modeli də bu mükafata layiq görülmüşdü. Şirkətin ilk böyük uğuru isə 2020-ci ildə Telluride modeli ilə əldə olunmuşdu. Həmin vaxt Telluride bu mükafatı qazanan ilk Koreya avtomobili olmuşdu.