Fins.az - Yaponiyanın tanınmış avtomobil istehsalçıları Honda Motor və Nissan Motor biznesin inteqrasiyası ilə bağlı aparılan danışıqları dayandıra bilərlər.
Bu barədə Asahi Shimbun qəzeti bir neçə mənbəyə istinad edərək məlumat yayıb. Mənbələr bildirir ki, Honda şirkəti Nissan-a özünü törəmə şirkətinə çevirməyi təklif edib, lakin Nissan bu təklifi qəti şəkildə rədd edib. Əvvəlcə hər iki avtomobil istehsalçısının bir holding şirkətinin "törəməsi" olacağı planlaşdırılmışdı.
Gözlənilir ki, Honda və Nissan-nın idarə heyətləri çərşənbə günü toplaşaraq danışıqların dayandırılması ilə bağlı müzakirə aparacaqlar.
Şirkətlər arasında biznes inteqrasiyasına dair niyyət protokolu dekabrın sonunda imzalanmışdı. İki şirkət birləşərsə, dünya avtomobil bazarında üçüncü ən böyük istehsalçı ola bilərdi.
Bu xəbərin nəticəsi olaraq, Nissan-ın səhmlərinin qiyməti 4,9% azalarkən, Honda-nın səhmləri 11%-dən çox artmışdır.