Qazaxıstan 2030-cu ilə qədər elektrik və hibrid nəqliyyat vasitələrinin payını 30 faizə çatdırmağı planlaşdırır.
Fins.az xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev "Şəhər nəqliyyatının yaşıllaşdırılması" mövzusunda yüksək səviyyəli dəyirmi masada çıxışı zamanı bildirib.
O qeyd edib ki, ekoloji təmiz nəqliyyatın inkişafı şəhərlərin davamlı inkişafı üçün prioritetdir.
"Şəhər nəqliyyatı istixana qazı emissiyalarına və hava çirkliliyinə əhəmiyyətli dərəcədə təsir göstərir, xüsusilə Almatı və Astana kimi böyük şəhərlərdə, burada yol sıxlığı və ekologiyanın pisləşməsi kimi problemlər daha çox hiss olunur.
Qazaxıstan hökuməti karbon izini azaltmaq üçün strategiyalar həyata keçirir. Bu strategiyalar arasında ictimai nəqliyyatın modernləşdirilməsi, elektrik avtobusları, tramvaylar və şarj stansiyaları infrastrukturunun inkişafı daxildir.
Elektrik nəqliyyat vasitələrinin istifadəsi vergidən azadolma və subsidiyalar vasitəsilə stimullaşdırılır. Ekoloji nəqliyyat şəhərlərimizin həyat keyfiyyətinin yaxşılaşdırılması və davamlı inkişafı üçün həm çağırış, həm də fürsətdir", — deyə T.Lastaev vurğulayıb.