Azərbaycanda minik avtomobil istehsalı sahəsində fəaliyyət göstərən müəssisələrin bazar payı nisbətən aşağı səviyyədə qalmaqdadır.
Bunu Fins.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
E.Cəfərov bildirib ki, Azərbaycanda ildə yalnız 2000 minik avtomobilinin istehsal olunur və bu da olduqca az sayılır, bazar payı çox aşağıdır:
“Bu rəqəm yerli bazarın tələbatını qarşılamaq üçün kifayət qədər aşağıdır və hələlik idxal edilən avtomobillərlə rəqabət aparmaqda çətinliklər yaşanır. Yerli istehsalın cari vəziyyəti nəzərə alınaraq, Azərbaycan bazarında bu sektoru daha da gücləndirmək üçün müvafiq dəstək mexanizmlərinə və texnoloji inkişaflara ehtiyac vardır. Yerli avtomobil istehsalının artması, həm daxili tələbatı ödəməklə yanaşı, xarici bazarlara da çıxış imkanını genişləndirə bilər”.
E.Cəfərov qeyd edib ki, Azərbaycanda istehsal olunan minik avtomobillərinin bir üstünlüyü də onların Avropa İttifaqı standartlarına uyğun texniki parametrlərə malik olmasıdır:
“Azərbaycanda istehsal olunan minik avtomobilləri Avropa İttifaqı standartlarına tam cavab verir. Bu fakt, yerli istehsalın keyfiyyət və təhlükəsizlik baxımından yüksək səviyyədə olduğunu göstərir. Avropa İttifaqı standartlarına uyğunluq, Azərbaycan avtomobillərinin həm yerli, həm də xarici bazarlarda qəbul edilmə ehtimalını artırır”.
Ekspert onu da vurğulayıb ki, yerli avtomobil istehsalı Avropa standartlarına uyğunluğu ilə rəqabət qabiliyyətinə malik olsa da, bazar payı az olduğu üçün idxal edilən avtomobillərlə müqayisədə daha az tanınır:
“Bu səbəbdən, şəxsən mən üstünlüyü yerli avtomobillərə verərdim. Yerli istehsalın keyfiyyətli məhsul təqdim etdiyini və istehlakçılar arasında daha geniş tanıtılaraq, yerli bazarda öz mövqeyini gücləndirə biləcəyini göstərir”.
Fuad Mədətov
Fins.az