AVTO

28 Oktyabr

Azərbaycan avtomobil bazarında Çin modellərinin rəqabət gücü nə ilə bağlıdır? - Eldəniz Cəfərov

Azərbaycan avtomobil bazarında Çin istehsalı avtomobillər, xüsusilə Çili, Çeri, Çanqan və Haval kimi markalar ilk gələnlər arasında yer alıb və hələ də böyük populyarlığa malikdir.

Bunu Fins.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, Azərbaycana ilk gələn Çin modelləri arasında Çili, Çeri, Çanqan və Haval kimi markalar olub:

“Bu markalar vaxtilə populyar idi və bu gün də populyarlıqlarını davam etdirirlər. Bu markaların həm estetik dizaynı, həm də münasib qiymətləri ilə bazarda öz mövqelərini möhkəmləndirmələri Azərbaycan istehlakçılarının diqqətini cəlb edir. Azərbaycan avtomobil bazarında Çin istehsalı avtomobillərin geniş yayılması, əsasən, onların model müxtəlifliyi və yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədardır. Çin markaları yerli bazarda rəqabət mühitini daha da intensivləşdirib və bu, digər ölkələrin avtomobil istehsalçıları üçün bazara daxil olmaqda çətinliklər yarada bilər”.

E.Cəfərov bildib ki, Çin avtomobil sənayesinin genişlənməsi ilə hər gün yeni modellərin bazara daxil olması istehlakçılar üçün seçim çətinliyinə səbəb olur:

“Artıq hansı modelin yaxşı, hansının pis olduğunu müəyyən etmək çətinləşib, çünki kütləvilik və model çeşidi o qədər çoxdur ki, araşdırma aparmaq asan deyil. Geniş çeşidlər seçim imkanlarını artırsa da, eyni zamanda hər bir modelin keyfiyyətini obyektiv şəkildə qiymətləndirmək də istehlakçılar üçün mürəkkəb hala gəlir”.

Ekpert onu da qeyd edib ki, Çin istehsalı olan avtomobillərin Azərbaycanda populyarlaşması onların müxtəlif bazarlara uyğunlaşmaq üçün həyata keçirdikləri strategiyaların nəticəsidir:

“Ucuz qiymət, müasir dizayn və innovativ texnologiyalar bu markaları Azərbaycan istehlakçısı üçün cəlbedici edir. Bu markaların rəqabətə davamlı olması və istehlakçılara fərqli seçimlər təqdim etməsi, Azərbaycan avtomobil bazarının dinamikasını müsbət istiqamətdə dəyişdirib”.

Fuad Mədətov
Fins.az