Elektromobil texnologiyalarının inkişafı, iqlim dəyişikliyi ilə mübarizədə yeni imkanlar təqdim edir.
Bu barədə Fins.az-a açıqlama verən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İctimai Birliyinin İdarə Heyətinin sədri və İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, elektromobil texnologiyalarının ekoloji vəziyyətə müsbət təsiri danılmazdır.
"Elektromobil texnologiyaları daha yenidir və bu, ekoloji vəziyyətin dəyişməsində mühüm rol oynayacaq. Benzin istehlakının azalması, alternativ enerji üsullarının yayılması və elektromobil istifadəsinin artması ətraf mühitin qorunmasında əhəmiyyətli addımlardır," - E.Abbasov qeyd edib.
O, əlavə edib ki, bu inkişaflar şəhərlərdə ekoloji vəziyyətin yaxşılaşdırılması, arzuolunmaz neqativ şüaların və qazların təbiətdə azaldılması ilə yanaşı, bir çox digər əhəmiyyətli təsirə də malikdir.
"Elektromobillərin istifadəsi yalnız ekoloji tarazlığı bərpa etməklə kifayətlənmir, eyni zamanda insanların sağlamlığını qorumaq və gələcək nəsillərə daha təmiz bir dünya buraxmaq üçün də vacibdir," - ekspert vurğulayıb.
Elvin Abbasov, elektromobil texnologiyalarının iqlim dəyişikliyi ilə mübarizədə və ekoloji tarazlığın qorunmasında önəmli bir vasitə olduğunu bildirib. O, bu texnologiyaların daha geniş yayılmasının ekoloji mühitin yaxşılaşdırılmasında müsbət təsir göstərəcəyini vurğulayıb.
Fuad Mədətov
Fins.az