AVTO

23 Oktyabr

Çin avtomobil sənayesi ekoloji və təhlükəsizlik tələblərinə niyə tam cavab verə bilmir? - Eldəniz Cəfərov

Çin avtomobil sənayesi inkişaf etməkdə olan elektromobil texnologiyaları ilə yanaşı, bəzi ekoloji və təhlükəsizlik tələblərinə tam cavab verməkdə çətinlik çəkir.

Bunu Fins.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, Çin avtomobil sənayesinin üzləşdiyi əsas problemlərdən biri ekoloji standartlara və təhlükəsizlik tələblərinə, xüsusən də qəza testlərinə (kraş testlərə) tam cavab verməməsidir:

“Bu, xüsusilə Avropa və ABŞ kimi bazarlarda ekoloji və təhlükəsizlik tələblərinin yüksək olduğu şəraitdə Çin avtomobillərinin yayılmasında əngəl yarada bilər. Çin avtomobil istehsalçıları ekoloji standartlara tam cavab vermək üçün mübarizə aparsalar da, tullantıların azaldılması və yaşıl iqtisadiyyata uyğun istehsal prinsipləri hələ də tam mənimsənilməyib. Lakin elektromobil texnologiyasının genişlənməsi və yaşıl texnologiyalara investisiyalar bu istiqamətdə mühüm addımlar hesab edilir. Buna baxmayaraq, Çin avtomobil istehsalı üçün təhlükəsizlik testləri, xüsusən də qəza testləri sahəsindəki çatışmazlıqlar istehlakçıların və dövlət qurumlarının narahatlığını artırır. Avropa və ABŞ bazarlarına çıxmaq üçün avtomobillərin bu tələblərə tam uyğunlaşdırılması vacibdir”.

E.Cəfərov qeyd edib ki, gələcəkdə Çin avtomobil sənayesinin daha təkmil ekoloji texnologiyaları mənimsəyərək tullantıların həcmini azaltmaq və daha təhlükəsiz nəqliyyat vasitələri istehsal etmək məqsədində olduğu aydın görünür. Ekspertlərin fikrincə, bu istiqamətlərdə təkmilləşdirmə olmadan, Çinin qlobal bazarlarda rəqabət aparmaqda çətinlik çəkməsi ehtimalı yüksəkdir”.

Fuad Mədətov
Fins.az