AVTO

22 Oktyabr

Çinin ekoloji təmiz nəqliyyat vasitələrinə keçidi qlobal iqlim dəyişikliyinə necə təsir edəcək? -EKSPERTDƏN AÇIQLAMA

Çin avtomobil sənayesi qlobal trendlərə uyğun olaraq, ekoloji təmiz nəqliyyat vasitələrinin, xüsusilə hibrid və elektromobillərin istehsalına yönəlir.

Bunu Fins.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, bu addım, Çinin avtomobil istehsalında daha təmiz və ekoloji cəhətdən səmərəli texnologiyalara keçid etmə məqsədini güdür.

E.Cəfərov bildirib ki, Çin, ekoloji standartlara daha yaxşı cavab vermək üçün elektromobil texnologiyasını inkişaf etdirmək və istehsalını artırmaqda maraqlıdır:

“Elektromobillər daxili yanma mühərrikli avtomobillərə nisbətən daha az karbon emissiyası yaradır və bu, qlobal iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli bir addım hesab olunur. Elektromobil istehsalında lider olmağa çalışan Çin, həm daxili bazarda, həm də qlobal bazarlarda ekoloji tələblərə uyğun məhsullar təklif etməyi hədəfləyir”.

E.Cəfərov qeyd edib ki, Çin gələcəkdə Yaponiya texnologiyası ilə hidrogenlə işləyən yeni mühərrikli avtomobilləri istehsal edə bilər:

“Yaxın gələcəkdə Çin, Yaponiya texnologiyası ilə hidrogenlə işləyən yeni mühərrikli avtomobilləri istehsal edə bilər. Hidrogen mühərrikli avtomobillər ekoloji təmizlik baxımından elektromobillərə ciddi alternativ ola bilər, çünki onların emissiyaları son dərəcə azdır və tullantıları əsasən su buxarından ibarətdir. Bu inkişaf Çin üçün yeni bazar imkanları açacaq və ekoloji təmiz nəqliyyat vasitələrinin qlobal səviyyədə yayılmasına təkan verəcək. Eyni zamanda, Çin avtomobil istehsalında daha çox ekoloji cəhətdən səmərəli texnologiyalara investisiya etməklə, öz mövqeyini gücləndirməyi hədəfləyir”.

Fuad Mədətov
Fins.az