AVTO

11 Oktyabr

Çin avtomobillərinin Avropa İttifaqı bazarına giriş çətinlikləri nələrdir? - Eldəniz Cəfərov

Çin avtomobilləri, Asiya və Avrasiya bazarlarında ciddi irəliləyiş əldə etsə də, Avropa İttifaqı ölkələrində geniş yayılmayıb.

Bunu Fins.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, Çin avtomobilləri hələ də Avropa İttifaqı ölkələrində geniş yayılmayıb və Avropa avtomobil bazarlarında Çin avtomobillərinin tam möhkəmlənməməsinin əsas səbəbləri Avropa istehsalçılarının güclü mövqeyi və ekoloji standartların yüksək səviyyədə olması ilə əlaqədardır:

“Buna baxmayaraq, Çin hökuməti ixracı artırmaq üçün müəyyən strateji addımlar atır. Çində qəbul edilən qanuna görə, ölkədən kənara avtomobil ixrac edən Çin vətəndaşlarına dövlət tərəfindən əlavə dəyər vergisi məbləği geri qaytarılır. Bu təşviq Çinli istehsalçılara daha rəqabətcil qiymətlər təklif etməyə imkan verir və xüsusilə daha az inkişaf etmiş ölkələrin bazarlarında Çin avtomobillərinin üstünlük təşkil etməsinə şərait yaradır”.

E.Cəfərov onu da qeyd edib ki, Çin avtomobil istehsalçıları, Avropa bazarına daxil olmaq üçün elektrik avtomobilləri istehsalına daha çox diqqət yetirir:

“Elektrikli avtomobillər sektorunda Çin, artıq dünya liderlərindən biridir və Avropada ekoloji təmiz avtomobillərə artan tələbat bu sahədə Çin üçün yeni bir imkan kimi görünür. Nəticədə, Çin avtomobil istehsalçıları uzunmüddətli perspektivdə Avropa bazarında daha geniş yer almağı hədəfləyirlər”.

Fuad Mədətov
Fins.az