AVTO

04 Oktyabr

Rusiya-Ukrayna müharibəsi Çinin avtomobil ixracını necə təsir edir? - Ekspertdən AÇIQLAMA

Çin avtomobil sənayesi son illərdə ciddi bir inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişaf, qlobal avtomobil bazarında mühüm dəyişikliklərə səbəb olub,

Bunu Fins.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

Xüsusilə də elektrik mühərrikli nəqliyyat vasitələrinin istehsalı sahəsində ciddi bir inkişaf etdiyini deyən E.Cəfərov bildirib ki, Çin uzun müddət daxili yanma mühərriklərinin istehsalında çətinliklərlə üzləşib:

“Çin mühüm dönüş nöqtəsinə gəlib çatıb. Çin avtomobil sənayesi uzun illər daxili yanma mühərrikləri, yəni benzin və dizellə işləyən mühərriklər istehsal etməkdə çətinlik çəkirdi. Daha sonra elə bir dövr başladı ki, Yaponiya mütəxəssislərinin təklif etdiyi elektrik mühərrikli və hibrid avtomobillər sistemini mənimsəməyə başladılar. Yapon mütəxəssislərdən öyrənilən təcrübələr əsasında Çin, öz avtomobil sənayesində mühüm dəyişikliklər həyata keçirib. Bu da Çin istehsalı avtomobillərin elektrik mühərrikləri sahəsində güclənməsinə səbəb olub”.

Ekspert qeyd edib ki, Çin bu sahədə addımlarını daha da sürətləndirib və artıq elektrik mühərrikli avtomobillərin istehsalını genişləndirib:

“Nəhayət, Çin öz elektrik mühərriklərini istehsal edə bildi və elektrik mühərrikli nəqliyyat vasitələrinin istehsalı genişləndi. Bu inkişaf Çini qlobal elektrik avtomobil bazarında ön sıralara çıxardı və Çin avtomobillərinin xüsusilə Avrasiya bazarlarında yayılmasına şərait yaratdı”.

E.Cəfərov onu da vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi və ona tətbiq edilən iqtisadi sanksiyalar Rusiya avtomobil sənayesinə ağır zərbə vurub və bu vəziyyət Çinə böyük bir fürsət verib:

“Rusiya, post-Sovet ölkələrinə və digər ölkələrə öz istehsalı olan minik avtomobillərini ixrac edirdi və Azərbaycan da bu avtomobilləri idxal edən ölkələr arasında ilk beşlikdə idi. Lakin Rusiyanın avtomobil sənayesinin çökməsi ilə Çin avtomobil sənayesi üçün böyük bir fürsət yarandı. Rusiya avtomobil sənayesinin çöküşü nəticəsində, Çin bu boşluğu dolduraraq post-Sovet ölkələrinə öz avtomobillərini ixrac etməyə başladı. Bu da Çinin avtomobil bazarını genişləndirmək üçün əhəmiyyətli bir addım oldu”.

Fuad Mədətov
Fins.az