Azərbaycan avtomobil bazarı son illərdə əhəmiyyətli dərəcədə dəyişikliklərə məruz qalıb, xüsusilə Çin istehsalı avtomobillərə maraq artıb. Bu prosesdə alıcıların seçimlərinə təsir edən bir çox amil var.
Bunu Fins.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, bəzən insanlar bazarda avtomobillərin qiymətləri ilə maraqlanarkən, xüsusilə Çin avtomobilləri arasında seçim edərkən rəsmi distribüterlərə daha az üstünlük verirlər və bu, gələcəkdə problemlərlə nəticələnə bilər.
E.Muradlı bildirib ki, qeyri-rəsmi satıcıların avtomobilləri ilə bağlı bir çox risk mövcuddur: “Qiyməti bəhanə edərək, insanlar ucuz avtomobil alaraq, uzun müddətdə daha böyük itkilərlə qarşılaşa bilərlər. Rəsmi olmayan avtomobillərin zəmanət və servis məsələlərində ciddi problemlər yarada biləcəyini qeyd edir. Belə ki, rəsmi distribüterlərdən alınmayan avtomobillərə çox vaxt müvəqqəti zəmanətlər verilir və keyfiyyətli servis təminatı olmur. Bunun əksinə olaraq, rəsmi distribüterlərdən alınan avtomobillər daha yüksək qiymətə olsa da, əlavə təhlükəsizlik və sığorta təminatı ilə təqdim edilir. Rəsmi satıcılar avtomobilləri sığorta ilə təqdim edir və buna görə də müştəriyə əlavə təhlükəsizlik hissi verir”.
Ekspert qeyd edib ki, avtomobil alarkən qiymətə görə seçim edərkən ehtiyatlı olmaq lazımdır:
"Ucuz avtomobil alarkən ehtiyat hissələri, zəmanət və servis məsələlərini diqqətə almaq vacibdir. Çin avtomobilləri bazarında geniş imkanlar olsa da, müştərilər uzunmüddətli perspektivdə daha sərfəli və təhlükəsiz seçimlər etməyə üstünlük verməlidirlər. Bu səbəbdən, məlumatlı müştərilər rəsmi distribüterlərdən alış-veriş etməklə daha yaxşı xidmət və zəmanət əldə edir, qeyri-rəsmi satıcıların yaratdığı risklərdən uzaq dururlar".
Fuad Mədətov
Fins.az