Hyundai Motor, Cənubi Koreyanın Ulsan şəhərində hypercasting texnologiyası ilə avtomobil korpuslarının istehsalı üçün zavod tikintisinə başlayıb. Bu innovativ texnologiya, avtomobil korpuslarını tək bir element kimi dökərək istehsalın effektivliyini artıracaq və xərcləri əhəmiyyətli dərəcədə azaldacaq.
Fins.az xəbər verir ki, Hypercasting, Tesla-nın gigacasting texnologiyasını xatırladır və avtomobil korpusundakı komponentlərin sayını azaldaraq montaj keyfiyyətini yaxşılaşdırır. Bu yanaşma Hyundai-ya istehsal xərclərini 40%-ə qədər azaltmağa və zavod sahələrini 20% kiçiltməyə imkan tanıyacaq.
Tikinti icazələrinin alınması sürəti də diqqət çəkicidir: sənədlər yalnız iki ayda təsdiqlənib. Zavodun 2025-ci ilin avqustuna qədər tikintisi tamamlanacaq və 2026-cı ildən etibarən kütləvi istehsala başlayacaq. İlk hypercasting texnologiyası ilə istehsal ediləcək modellərdən biri flaqman GV90 elektrik krossoveri olacaq.