Çinin aparıcı avtomobil istehsalçısı "BYD" bu ilin ikinci rübündə qlobal satış həcminə görə Yaponiyanın "Honda Motor" və "Nissan Motor" korporasiyalarını geridə qoyaraq dünyada yeddinci yerə yüksəlib.Yaponiyanın Nikkei nəşrinə istinadla xəbər verir ki, "BYD" satışlarını ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz artırıb.
Fins.az xəbər verir ki, nəşrin məlumatına görə, reytinqdə ilk beşlikdə qərarlaşan şirkətlərin qlobal satışlarında azalma müşahidə olunub. Xüsusilə, siyahıda birinci olan “Toyota Motor” şirkətinin satışları ötən ilin ikinci rübü ilə müqayisədə 4 faiz azalıb. İkinci yerdə qərarlaşan "Volkswagen" və üçüncü yeri tutan "Hyundai-KIA"nın satışlarında isə azalma müvafiq olaraq 4 və 1 faiz təşkil edib.
Qəzet vurğulayıb ki, "BYD"nin nailiyyətləri qlobal avtomobil satışlarında mövcud qüvvələr balansını pozur və indi əsas vəzifə Çinin bazarda təsirinin kəskin artmasına cavab hazırlamaqdır.
Avropa Komissiyası artıq Çində istehsal olunan avtomobillərə artan rüsumların tətbiq olunduğunu elan edib. "BYD" elektromobilləri üçün bu, 17 faiz, Geely üçün 19,3 faiz, SAIC üçün isə 36,3 faiz olacaq. ÇXR artıq Ümumdünya Ticarət Təşkilatında bu qərara etiraz edərək, Avropa İttifaqı ilə məsləhətləşmələr üçün sorğu göndərib.
Kaira Agayeva
Fins.az