AVTO

17 İyun

Elektrikli avtomobillərə maraq artır

Müasir dünyada ekoloji problemlər gündən-günə daha da artır. Digər sahələrdə olduğu kimi, yükdaşıma və avtonəqliyyat sahəsində də təbiətə vurulan ziyanı minimuma çatdırmaq üçün mümkün bütün variantlardan istifadə edilir. Məsələn, yanacaqla işləyən avtomobillər havanı çirkləndirir, atmosferə zəhərli qazlar buraxır. Belə ki, bir avtomobil ildə atmosferdən orta hesabla dörd ton oksigen udur, atmosferə təqribən 3 faiz dəm qazı, 40 faiz azot oksidi və təxminən 200 faiz karbon qazı ötürür. Ekoloji vəziyyətin gərginləşməsi, ozon qatının kritik vəziyyəti avtonəqliyyat sistemində köklü dəyişikliklər tələb edir. Bunun həlli heç bir yanacaq istifadə etməyən, tam elektriklə işləyən elektromobillərdir. Elektriklə işləyən avtomobilin ən böyük üstünlüyü onun təbiət üçün heç bir zərərinin olmamasıdır.

Elektrikli avtomobillər 1888-ci ildə ixtira olunub. O dövrdə populyarlıq qazana bilməsə də xüsusilə, son illərdə irəliyə doğru böyük sıçrayış edib. Texnoloji imkanların artması ilə elektrikli avtomobillər artıq daxili yanma ilə işləyən avtomobillərdən daha üstün performans təklif edir. Belə ki, bazara çıxarılan ən yeni elektrikli avtomobillər güclü mühərrik və akkumulyator ilə istifadəçilərinə məsafə, sürət və rahatlıq baxımından unikal fürsətlər təqdim edir. Ölkəmizdə son illər elektriklə işləyən avtomobillərdən istifadənin genişləndirilməsi istiqamətində önəmli addımlar atılır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycana 361 milyon ABŞ dolları dəyərində 19 571 ədəd müxtəlif təyinatlı avtomobillər idxal edilib. Bu avtomobillərin 3615-i daxiliyanma mühərriki ilə yanaşı, elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri, 830-u isə yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələrdir. Statistikadan da məlum olur ki, azərbaycanlı sürücülərin də elektromobillərə tələbatı ilbəil artır. Hazırda Azərbaycanın avtomobil bazarında hibrid avtomobillərə xüsusi maraq göstərilir. Lakin benzin mühərrikli avtomobillərə tələbat çoxdur. Bunun səbəbi isə enerji doldurma məntəqələrinin sayının az olmasıdır. Sürücülərin sözlərinə görə, ölkədə elektrikli avtomobillər üçün nəzərdə tutulan enerji doldurma məntəqələrinin sayı artırılmalıdır. Bundan əlavə, ehtiyat hissələrinin çatışmazlığı problemi aradan qaldırılmalı və paytaxtdan kənarda da enerji doldurma məntəqələri yaradılmalıdır. Azərbaycanda elektrikli avtomobillərdən istifadəni təşviq etmək üçün bir sıra tədbirlər görülür. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"dən 5-ci – təmiz ətraf mühit və "yaşıl artım ölkəsi” prioritetinə uyğun olaraq Vergi Məcəlləsinə müvafiq dəyişikliklər aparılıb və 2022-ci il 1 yanvar tarixindən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da əlavə dəyər vergisindən azad edilib. Nazirlər Kabineti 11 noyabr 2022-ci il tarixli 411 saylı qərarı ilə zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrikli minik avtomobillərin 15 faiz idxal gömrük rüsumundan azad edilməsi ilə bağlı qərar verib. Həmçinin bu il oktyabr ayının 1-dən ekoloji təmiz avtomobillərin kredit şərtləri yüngülləşdirilib. Bundan başqa, idxal olunan elektrik doldurma məntəqələri üçün lazım olan xüsusi avadanlıqlar rüsumdan azaddır. Hazırda paytaxt Bakıda elektrikli avtomobillər üçün infrastruktur genişlənir. Enerji doldurma məntəqələri çoxalır.

Ölkəmizdə 2030-cu ilə qədər avtomobil parkının ən azı 30-40 faizini müasirləşdirmək, yəni köhnə avtomobilləri istismardan çıxarmaq və ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin istifadəsini artırmaq hədəflənib.