Bugatti üç il əvvəl Xorvatiyanın elektrik hiperkarları istehsalçısı olan Rimac şirkəti ilə birləşib. O zaman bu, çoxlitrlik və çoxsilindrli mühərriklərin tərəfkeşləri narahatlığına səbəb olmuşdu , çünki Mate Rimatsın şirkəti ilk növbədə Nevera elektrik hiperkarı ilə tanınırdı. Lakin iki istehsalçının birgə çalışması gözlənilməz istiqamətdə inkişaf edib. Belə ki, bir neçə ay əvvəl Bugatti gələcək monstrşəkilli V16 mühərrikinin tizerini nümayiş etdirdi. İndi isə, Mate Rimats bu aqreqat haqqında bəzi təfərrüatları paylaşıb. Yeni mühərrik düz bir metr uzunluğundadır ki, bu da indiki W16 mühərrikində olduğundan 400 millimetr uzundur.
Fins.az bu barədə Almaniyanın “Auto Motor und Sport” nəşrinə istinadən xəbər verir.
Məlumata görə, bütün müasir Bugatti hiperkarlarında (EB110, Veyron, Chiron) üfürmənin olmasına baxmayaraq, yeni mühərrikdə belə bir sistemin olmaması təəccüb doğurur.
V16 mühərriki Cosworth mühəndislik bürosu ilə əməkdaşlıqda yaradılıb - onun işçi həcmi 8,3 litrdir (indiki W16 mühərrikindəki 8,0 litrə qarşı) və 9000 dövr/dəqiqəyə qədər fırlana bilir!
Gözlənilən hasilat 1000 at qüvvəsinə çatmaılıdır. Benzin aqreqatına eyni anda üç elektrik mühərriki kömək edəcək – onlardan ikisi ön, biri isə, arxa oxda yerləşən səkkiz pilləli preselektiv "robota" quraşdırılıb. Elektrik mühərriklərinin hər birinin gücü 340 at qüvvəsi, hibrid qurğunun ümumi gücü isə, 1800 at qüvvəsi təşkil edir.
Mate Rimats özü dəqiq rəqəmlər açıqlamayıb, lakin o qeyd edib ki, şirkət eyni gücü (1000 at qüvvəsi) kompressorlu V8 mühərrikindən ala bilərdi. Bununla belə, tərəfdaşlar bunu etməyiblər, çünki silindrlərin sayı ilk növbədə prestij və eksklüzivliyi təmin edir, "əgər Bugatti müstəsna deyilsə, o, artıq Bugatti deyil".
Üstəlik, Rimats hesab edir ki, varlı müştərilər artıq yeni elektrik hiperkarlarından “doyublar” və indi mümkün qədər “analoqlu” avtomobillər istəyirlər. Sahibkar bu halı, üst seqmentlərində mexaniki modellərin üstünlük təşkil etdiyi qol saatları bazarındakı vəziyyətlə müqayisə edir: “Heç kim 200 min dollara Apple Watch almaz”.
Mate Rimats zəngin müştərilərin eksklüziv daxiliyanma mühərrikləri olan hiperkarlara yiyələnmək istəyini Rimac Nevera elektrik hiperkarının zəif satış nəticələri ilə də əlaqələndirir (üç ildə planlaşdırılan 150-dən cəmi 50 ədəd satılıb). Buna görə də, V16 atmosfer mühərriki yaxın aylarda təqdim ediləcək yeni Bugatti modelinin əsas kozırı olmalıdır.